İnsaniyyət Ülgüsü

Əgər sən olmasaydın

Əgər sən olmasaydın fələkləri yaratmazdım...

وَمَا أَرْسَلْنَاكَ إِلا رَحْمَةً لِلْعَالَمِينَ

"Biz səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik" ("Ənbiya" surəsi, ayə 107).

Allah-təala Qurani-kərimdə buyurur:

"Bu peyğəmbərlərdən (adları çəkilən) bəzilərini bəzilərindən üstün etdik" ("Bəqərə" surəsi, ayə 253).

"Şübhəsiz, Biz peyğəmbərlərin bəzisini (elm və nəfsi fəzilətlərdə, möcüzələrdə, risalətdə, şəriətdə və kitabda) bəzisindən üstün etdik..." ("İsra" surəsi, ayə 55)

    Bu ayələrdən məlum olur ki, peyğəmbərlər arasında fəzilət baxımından üstünlük dərəcələri mövcuddur. Belə ki, ulul-əzm (böyük əzm, iradə sahibləri) peyğəmbərlər digərlərində olmayan xüsusi məziyyətlərə malikdirlər. Habelə, onların öz aralarında da dərəcələrinə görə müqayisə vardır. İslam Peyğəmbəri (s) özündən əvvəlki peyğəmbərlər, həmçinin ulul-əzm peyğəmbərlərin bütün ümumi və xüsusi məziyyətlərinə malik olması baxımından onların sonuncusu və ən fəzilətlisidir. Bununla yanaşı, İslam Peyğəmbəri (s) yalnız ona məxsus olub digər peyğəmbərlərdə olmayan xüsusiyyətlərə də malikdir ki, bunu Qurani-kərimdəki mövcud ayələri araşdırmaqla sübut etmək olar.
    Allah-təala həzrət İsanın (ə) dilindən belə buyurur:

"Və (yada sal) o zamanı ki, Məryəm oğlu İsa dedi: "Ey İsrail övladları, şübhəsiz, mən özümdən öncə gələni - Tövratı - təsdiq edən və məndən sonra gələcək "Əhməd" adlı Peyğəmbərin (s) müjdəsini verən sizə göndərilmiş Allah peyğəmbəriyəm" ("Saf" surəsi, ayə 6).

    Müjdə o təqdirdə verilir ki, sonrakı peyğəmbər ümmət üçün yeni bir şey gətirmiş olsun. Əgər son peyğəmbər əvvəlki peyğəmbərlərin və ya İsa Məsihin (ə) risaləti səviyyəsində söz demiş olsaydı, birincisi, peyğəmbərin gəlməsinə ehtiyac olmazdı, ikincisi isə müjdənin verilməsi yersiz olardı. Həzrət İsanın (ə) əvvəlki səmavi kitabları təsdiq edib, yeni bir peyğəmbərin gəlişini müjdə verməsindən məlum olur ki, Peyğəmbər (s) İsa Məsihdə (ə) olan əvvəlki peyğəmbərlərin bütün xüsusiyyətlərini, həmçinin İsaya (ə) məxsus məziyyətləri özündə cəm etdiyi üçün daha üstün olub. Quran da İncildən daha yüksək məqama malikdir.
    Hər bir peyğəmbərin mənəvi məqamı və şəxsiyyəti gətirdiyi səmavi kitabda təcəlli edir. Musa Kəlimin (ə) məqamı Tövrat həddində, İsa Məsihin (ə) məqamı da İncil həddində zahir olur. Quranın əvvəlki ənbiyanın kitablarından üstünlüyü və fəziləti sonuncu Rəsulun (s) digər peyğəmbərlərdən üstün olmasını sübut edir. Çünki Peyğəmbər (s) Quran həddindədir. Quran isə "mühəymin"dir. Elə isə İslam Peyğəmbəri (s) də "mühəymin"dir. Yəni, hakimiyyət və nüfuzu var. Lakin buradakı nüfuz maddi deyil, elmi nüfuz və üstünlükdür. Çünki "peyğəmbərlər qardaşdırlar" və burada söhbət yalnız mənəvi nüfuzdan gedə bilər. Allah bu məsələni "Maidə" surəsində bir neçə peyğəmbərin adını çəkdikdən sonra belə bəyan edir:

"Onların (qabaqkı peyğəmbərlərin) ardınca Məryəm oğlu İsanı göndərdik ki, o, özündən əvvəlki Tövratı təsdiqləyirdi. Və ona içində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən və pərhizkarlar üçün hidayət və nəsihət olan İncil verdik" ("Maidə" surəsi, ayə 46).

    Sonra isə Peyğəmbərə (s) xitab edərək buyurur:

"Biz bu kitabı sənə haqq və doğru olaraq özündən əvvəlki (səmavi) kitabları təsdiq edən və onlara hakim, nəzarətçi, qoruyan və şahid kimi nazil etdik"("Maidə" surəsi, ayə 48).


    İslam Peyğəmbərinin (s) məziyyətlərindən biri də onun xatəmiyyəti, yəni, sonuncu peyğəmbər olmasıdır. Qurani-kərim bu barədə buyurur:

"Muhəmməd (səlləllahu ələyhi və əlihi və səlləm) sizlərdən heç birinin atası deyildir. Lakin (O,) Allah Rəsuludur və peyğəmbərlərin sonuncusudur ("Əhzab" surəsi, ayə 40).

    Peyğəmbər (s) vasitəsilə nübuvvət silsiləsinin tamamlanmasının digər qəti dəlilləri də mövcuddur.
    O, "nüzul (enmə) qövsü"ndə kamil insanlar silsiləsinin əvvəlidir. Belə ki, bu barədə özü belə buyurur: "Allahın ilk yaratdığı mənim nurumdur".
    Həmçinin o, "suud (yüksəliş) qövsü"ndə də risalətin zirvəsidir, çünki ənbiyaların xatəmi - sonuncusudur. 
    Buradan aydın olur ki, Qiyamət gününədək İslam Peyğəmbərindən (s) daha üstün bir şəxs gəlməyəcək. Çünki Rəsulullah (s) kamil insandır. Milyonlarla il keçsə də, ondan kamili olmayacaq.
    Subhan Allah buyurur: 

"Buna görə də hər ümmətdən, (onların iman, küfr tkarlıq və itaətsizliyinə şahidlik etmək üçün) bir şahid (peyğəmbərlərini) gətirəcəyimiz və səni də bunlara (bu ümmətə, yaxud o şahidlərə) şahid gətirəcəyimiz zaman (sənin və camaatın halı) necə olacaq?!" ("Nisa" surəsi, ayə 41)

    Yəni, Biz Qiyamətdə hər bir ümmətdən onların əməllərinə şahidlər gətirib səni də onların hamısına şahid edəcəyik. Sən ümmətlərin dünyada etdiklərinə şəhadət verəcəksən. Sən nəinki öz ümmətinin, həmçinin ənbiyaların və onların ümmətlərinin də şahidisən.
    Allahın isimlərinin hər birinin məzhəri var. Peyğəmbər (s) o adların yer üzərində məzhəridir və o kamillik cəhətindən "Və heç bir zaman bir kəs ona tay olmamışdır" ("İxlas" surəsi, ayə 4) və "Heç nə onun kimi deyil" ("Şura" surəsi, ayə 4) ayələrinin məzhəridir.

وَإِنَّكَ لَعَلى خُلُقٍ عَظِيمٍ

"Həqiqətən, sən böyük bir əxlaqa maliksən" ("Qələm" surəsi, ayə 4).

    Qutb Ravəndi nəql edir: Peyğəmbərin (s) nişanələrindən biri də iki çiyninin arasında yerləşən "nübuvvət möhürü" idi.
    Peyğəmbər (s) belə buyurur: "Biz peyğəmbərlərin gözləri yatır, amma qəlbləri yatmır. Önü gördüyümüz kimi, arxanı da görürük".
    Bizə gəlib çatan hədislərdə Peyğəmbərin (s) xoş avazlı olması qeyd olunmuşdur. Belə ki, Peyğəmbər camaatla namaz qıldığı zaman səsini hamının dözəcəyi qədər ucaldardı. Əgər o həzrət (s) səsinin gözəlliyini aşkar etsəydi, camaat ona dözə bilməzdi.
    Həmçinin o həzrətin (s) kölgəsi yerə düşməzdi.
   Peyğəmbər (s) həmişə hamıdan əvvəl salam verər, çox nadir hallarda üzə baxardı. O, həmişə hüznlü və düşüncəli idi. Çox az dincələrdi. Zəruri hallarda söhbət edərdi və söhbəti aydın, qısa və mənalı idi. Onun sükutu uzun idi. Nə bir kəsə zülm etməz, nə də bir kəsi utandırmazdı.
    Az olan neməti böyük sanardı, yeməyi nə çox tərifləyər, nə də pisləyərdi. Dünya və ona aid olan işlər üçün həmçinin öz şəxsi işləri üçün qəzəblənməzdi. Qəzəbləndiyi zaman üzünü döndərər, xoşhal olduğu vaxt isə gözlərini yumardı. Onun gülüşü təbəssümdən ibarət idi. Bu zaman dişləri yağış dənələri kimi görünərdi.

Peyğəmbər (s) kimə daha çox vaxt ayırardı

    Peyğəmbər (s) özü üçün ayırdığı vaxtı iki hissəyə bölərdi: birini özü üçün, o birini isə camaat üçün. Xalq arasında fəzilət əhlindən olanlara daha çox vaxt ayırardı.

Evdən çıxdığı zaman

    O Həzrət evdən çıxdığı zaman yalnız lazım olduğu yerdə danışar, xalq ilə daim xoş ünsiyyətdə olardı və heç kəsi özündən uzaqlaşdırmazdı.

O Həzrətin nəzərində ən yüksək şəxs

    Peyğəmbərin (s) nəzərində ən üstün şəxs başqalarının xeyrini düşünən şəxs idi.
    İbn Şəhr Aşub "Mənaqib" kitabında deyir: "Peyğəmbər (s) böyük və vüqarlı görünərdi. O, hamının ürəyində özünə yer tapmışdı. Onun mübarək surəti 14 gecəlik ay kimi parlayardı. Üzünün rəngi ağ idi. Mübarək cismi nə arıq, nə də kök idi. Gözləri böyük və qara, qaşları siyah və kaman kimi idi. Peyğəmbər (s) orta boylu idi. Onun geniş alnı, nazik və sivri burnu, çatma qaşları, uzun kiprikləri, qalın saqqalı və bığı olub, saçında, kipriyində bir neçə ağ tük görünürdü. Ovcunun içi ətir satanların əli kimi ətirli olardı. O, təbəssüm etdiyi zaman çöhrəsi güzgü kimi parıldayar və hamını cəzb edərdi. Yerişi aram və vüqarlı idi. Xeyir işlərdə hamıdan önə keçərdi. Təbəssüm etdiyi zaman dişləri buz dənələri kimi görünər, onların ağlığı qar kimi dodaqlarının arasında gizlənərdi. Gözəl vücudu və əxlaqı var idi. Tər dənələri mübarək çöhrəsindən mirvari kimi axardı və onun təri müşkdən ətirli idi. 
    "Qisasul-ənbiya" kitabında Peyğəmbər (s) haqqında belə deyilir: "Peyğəmbər (s) hansı küçədən keçsəydi, oradan keçənlər onun tərinin ətrindən başa düşərdilər ki, o Həzrət (s) buradan keçmişdir".
    Peyğəmbər (s) hansı daşın və ağacın yanından ötsəydi, onlar Peyğəmbərə (s) təzim edərdilər.

Peyğəmbərin tərk etdiyi

     İslamın böyük Peyğəmbəri (s) başqaları ilə münasibətdə üç xislətdən qaçardı:

  • nalayiq sözlər;
  • digərlərini danlamaq;
  • başqalarının sirrini bilməyə çalışmaq.

    Qəzzali "İhyaul-ulum" kitabında yazır: "O həzrət (s) camaat arasında ən fəsih və ən gözəl danışan şəxs idi. Çox qısa və mənalı danışardı. Xalqın anlaması üçün aramla söhbət edərdi".

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.


 5181, 

Dostların veb səhifələri

14211996
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2300
4145
9983
14046117
103809
173495
14211996

sizin IP ünvanınız: 3.235.42.157
2024-03-19 08:24

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!