İnsaniyyət Ülgüsü

Bəndəliyin zirvəsi

Bəndəliyin zirvəsi

 

وَمَا أَرْسَلْنَاكَ إِلا كَافَّةً لِلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لا يَعْلَمُونَ

“Biz səni bütün insanlara (öz əsrindən dünyanın sonunadək) qoruyan və (salehlərə) müjdə verən və (pisləri) qorxudan (kimi) göndərdik. Lakin insanların əksəriyyəti (bunu) bilmir” (“Səba” surəsi, ayə 28).

 

Allah-Taala Peyğəmbər (s) barədə buyurur:

وَأَنَّ إِلَى رَبِّكَ الْمُنْتَهَى

“(Varlıq aləmində hər bir əməl sahibinin əməlinin və hər bir canlının hərəkətinin) son(u) sənin Rəbbinə tərəfdir” (“Nəcm” surəsi, ayə 42).

Bəndəçilik və Allaha xalis bəndə olmaq hər bəşərə müyəssər olmayan bir məqamdır. Bəndə olmağın ümumi mənası bütün işlərdə Allaha itaət edib ona təslim olmaqdır.

Qurani-Kərimdə heç bir yerdə “əhd” (bəndə) sözü tək işlənməmişdir. Məsələn:

وَاذْكُرْ عَبْدَنَا دَاوُدَ

“Yad et bizim bəndəmiz Davudu” (“Sad” surəsi, ayə 17).

وَاذْكُرْ عَبْدَنَا أَيُّوبَ

“Bəndəmiz Əyyubu yad et” (“Sad” surəsi, ayə 41).

فَكَذَّبُوا عَبْدَنَا

“Bəndəmizi (Nuhu) təkzib etdilər” (“Qəmər” surəsi, ayə 9).

Lakin Allah-Taala xatəm Peyğəmbəri (s) adını çəkmədən “mütləq bəndə” kimi yad edir. “Mütləq bəndə” kamil insan mənasını daşıyır.

تَبَارَكَ الَّذِي نَزَّلَ الْفُرْقَانَ عَلَى عَبْدِهِ لِيَكُونَ لِلْعَالَمِينَ نَذِيرًا

“Furqanı (Quranı) aləmdəkilərin hamısını qorxutmaq üçün bəndəsinə tədricən nazil edən (Allah) uca, əbədi və çox bərəkətlidir (“Furqan” surəsi, ayə 1).

Düzdür, Musanın (ə) Tövratı da Furqan adlanıb, lakin bu ayədə Furqan sözü “mütləq bəndəçilik” kəlməsi ilə yanaşı gəldiyindən zehnə yalnız kamil bir insan olan Həzrət Rəsuli-əkrəm (s) gəlir.

Ayəyə diqqət yetirsək, orada “əbd” – bəndə sözündən nə əvvəl, nə də sonra heç bir ad gəlmir. Həmçinin bəndəmiz də deyilmir. Əgər deyilsəydi, çoxluğa dəlalət edərdi.

Həmçinin, “İsra” surəsinin əvvəlində Allah-Taala buyurur:

سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلا مِنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الأقْصَى

“Subhan olan Allah öz bəndəsini gecə yarısı Məscidul-Həramdan Məscidul-Əqsaya apardı (“İsra” surəsi, ayə 1).

Burada Həzrəti Rəsuli-Əkrəm (s) “mütləq bəndə” kimi yad edilir. “Əbdihi” (“onun bəndəsi”) kəlməsində gələn işarə əvəzliyi Allahın bütün sifətlərinə işarə edir. Kəlmənin dolğun mənası – Allahın bütün sifətləri və xüsusiyyətlərinin bəndəçiliyi mənasını daşıyır.

Allah-Taala yalnız Allah Rəsulunun (s) bəndəçiliyindən söz açdıqda belə bir kəlməni işlədir. Onun bütün sifətləri bu kəlmədə öz əksini tapır. Bu şərəf və izzət yalnız və yəlnız bizim Peyğəmbərimizə (ə) aid edilib.

وَإِنَّكَ لَعَلى خُلُقٍ عَظِيمٍ

Həqiqətən, sən böyük bir əxlaqa maliksən (“Qələm” surəsi, ayə 4).

 

Peyğəmbər davranışı

Möminlərin əmiri Əli (ə) buyurub: “Peyğəmbər (s) yaxşılıqlarının qədri bilinməyən şəxslərdən idi. Bir halda ki, o Həzrət (s) Qureyşə, ərəbə və farsa yaxşılıq edərdi. Peyğəmbərdən (s) daha çox xalqa yaxşılıq edən varmı? Biz əhli- beytin (ə) yaxşılıqlarının da qədri bilinməz”.

 

Rəvayət olunur ki, Peyğəmbər (s) öz libasını özü tikər, ayaqqabısını özü təmir edər, öz əlləri ilə qoyunları sağardı. O, qullar ilə birgə yemək yeyərdi, yerdə oturardı, ulağa süvar olub özü ilə bir kəsi də süvar edərdi. Öz azuqəsini bazardan alıb evə gətirərkən xəcalət çəkməzdi. O Həzrət (s) varlı ilə kasıba eyni halda əl verib görüşərdi. Görüşdüyü adam əlini çəkməyincə o, əlini geri çəkməzdi. Əvvəl salam verərdi. Bir xurma yeməyə dəvət olunsa belə, o dəvəti kiçik saymazdı. Məişət xərcləri az, ruhu böyük, rəftarı xoş, üzü gözəl idi.

O, gülmədən təbəssüm edər, qaş-qabaq tökmədən qəmlənər, heç kəsin qarşısında zəlillik göstərmədən təvazö edərdi. O, müsəlmanlara qarşı mehriban və ürəyi yuxa idi. Toxluqdan heç zaman gəyirməzdi və əlini tamah məqsədilə heç zaman bir yerə uzatmazdı.

Peyğəmbər (s) həmişə aynaya baxıb öz saçlarını darayardı. Bəzən də suya nəzər edib saçlarını səliqəyə salardı. O, nəinki əiləsi üçün hətta səhabələri üçün də özünü bəzəyərdi. O, bu haqda belə deyərdi: “Allah-Taala mömin qardaşının görüşünə getdiyi zaman özünü bəzəyən mömini sevir”.

Əli (ə) buyurub: Həzrət Rəsul (s) heç zaman onunla söhbət edən şəxsdən əvvəl sükut edib söhbəti bitirməzdi.

O, heç kəsin hüzurunda ayaqlarını uzatmazdı. 

Həzrət (s) heç vaxt iki iş arasında şəkdə qalmaz, onların ən çətinini seçərdi.

Ona zülm olunduğu zaman intiqam almaq fikrinə düşməzdi.

Yalnız Allahın haram buyurduğu işlər baş verdikdə Allah üçün qəzəblənərdi.

Yemək yediyi zaman heç vaxt bir yerə söykənməzdi.

Peyğəmbər (s) heç kəsin istəyinə yox deməz, dilənçini əliboş qaytarmazdı.

Onun namazı kamil bir namaz olmasına baxmayaraq ən yüngül namaz idi  (Yəni heç kəs onun namazından əziyyətə düşməzdi).

Xütbəsi xalqın ən qısa xütbələrindən idi.

Hamı onu xoş ətrindən tanıyardı.

Süfrə başında yeməyə ilk öncə başlayar və sonuncularla bitirərdi.

Suyu üç nəfəsə sovuraraq içərdi. Sağ əliylə yemək yeyər, yazar, nəyi isə tutar verərdi.

Bir kəsi çağıranda üç dəfə təkrar edərdi. Söhbət etdikdə isə bir dəfədən artıq təkrar etməzdi.

Bir yerə daxil olduqda üç dəfə icazə alardı. Çox aydın, hamının başa düşəcəyi şəkildə danışardı.

Həzrət Rəsul (s) buyurardı: “Sizlərdən ən yaxşısı daha çox əxlaqlı olanınızdır”.

“Hansınızın  mənə daha çox bənzədiyinizi deyimmi?

Dedilər: Bəli, ey Allahın Rəsulu (s).

Buyurdu: “Əxlaqı və başqaları ilə rəftarı daha yaxşı olan və din qardaşları ilə digərlərindən daha çox mehriban olanınızdır. Haqda daha səbirli olub və qəzəbini daha çox udandır. Daha çox əfv edən, xox və qəzəbli halında başqaları üçün özündən  daha çox insafa riayət edəninizdir”.

Allah bizləri Rəsuli əkrəm (s) əxlaqının davamçılarından etsin. İlahi, amin.

لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا

“Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır” (“Əhzab” surəsi, ayə 21).

 

İslamın başlanğıcında gənclərin rolu

Allah Rəsulu (s) peyğəmbərliyə seçilən zaman ilk üç ili insanları gizli surətdə təkallahlığa çağırmağa vəzifəli idi. Bu üç ildə yeni İlahi dini qəbul edənlərin əksəriyyəti məhz cavanlar idi. Bu dinin “Yəvmul-inzar” adı ilə məşhurlaşan ilk yığıncağında Qureyş qəbiləsinin böyükləri və ağsaqqalları toplaşmış idi. Yığıncaqda qəbilə ağsaqqalları Peyğəmbəri (s) məsğərəyə qoyaraq dinindən üz çevirirdilər. Onların arasında çox böyük şücaətlə Peyğəmbərin (s) dəvətini qəbul edən şəxs yalnız on üç yaşlı yeniyetmə oldu. Bu gənc kişilərin içində Peyğəmbərin (s) dəvətinə ilk ləbbeyk deyən şəxs və ilk müsəlmandır.

Beləliklə, İslam dininin dirçəlişində cavanların əvəzolunmaz rolu olmuşdur. Onlar öz gənclik hisslərini, meyllərini İslama təslim edərək hər cür işgəncələrə və narahatlıqlara dözmüşlər. Hər növ təzyiqlərə sinə gələrək Peyğəmbər (s) inqlabını müdafiə etmişlər.

Adətən hər bir dövrdə gələcəyin ümidi olan və cəmiyyətin gələcəyindən xəbər verən gənclər diqqət mərkəzində olmuşlar. Çünki hər bir dövlətin gələcək taleyi, təkamülü, inkişafı və hətta tənəzzülü belə məhz cavanların təfəkkür tərzindən asılıdır. İslamın əziz Peyğəmbəri (s) də bütün bunları nəzərə alaraq dövrünün gənclərinə xüsusi diqqət yetirmişdir. Misal olaraq onlardan bir neçəsini nəzərinizə çatdırırıq.

Musəb ibn Ümeyrə verilən nümayəndəlik

Peyğəmbər (s) Mədinənin acınacaqlı şəraitinin islahı və oradakıları İslamdan, Qurandan xəbərdar etmək üçün bir nümayəndə seçir. Musəb adlı bu nümayəndə çox gənc olmasına baxmayaraq işini uğurla yerinə yetirirdi. O, öz cavanlıq həyəcanı, hərarətli imanı, kamil ixlası, atəşli söhbətləri iləinhiraflı fikirlərdə dirçəliş etməyi bacarmışdı. O, öz cavanlıq həyəcanı, hərarətli imanı, kamil ixlası, atəşli söhbətləri ilə inhiraflı fikirlərdə dirçəliş etməyi bacarmışdı. O öz Quran tilavəti, bəyənilmiş əxlaqı ilə insanları  təsir altına almışdı. Bu gənc insan Mədinədə ilk dəfə cümə və camaat namazlarını təşkil etmişdi. O, Bədr döyüşündə də Peyğəmbərlə (s) birlikdə idi. Nəhayət, Uhud döyüşündə Peyğəmbərə (s) məxsus bayrağı qaldıraraq şəhidlik məqamına çatır.

Peyğəmbər (s) və Usamə ibn Zeydin  komandanlığı

Peyğəmbər (s) risalətin əvvəlindən gənclərin cəmiyyətdəki rolunu və əhəmiyyətini nəzərə alaraq onları bu işə təşviq edir və idarəçiliyi, nümayəndəliyi, komandanlığı onların öhdəsinə qoyurdu. Yeni nəslin gənc nümayəndəsi olan Həzrət Əlinin (ə) rəhbərliyi altında bu iş uğurla nəticə verirdi. Buna misal olaraq, Usamə ibn Zeydin ordu komandiri kimi təyin edilməsini göstərmək olar.

Allahın Rəsulu (s) ömrünün axır günlərində güclü Rum ölkəsi ilə döyüşə hazırlaşır. Bütün ərəb şeyxləri, muhacir və ənsarın böyükləri, şəxsiyyətli insanlar yığışaraq böyük bir ordu yaradırlar. Belə fövqaladə mühüm və əzəmətli bir orduya kimin komandan seçiləcəyi hamıya maraqlı idi. Hamı kimi bu məqama nail olacağının intizarında idi. Bu anda Allah Rəsulu (s) ordu bayrağını 18 yaşlı gənc Usaməyə verərək onu komandanlığa layiq bildi. Peyğəmbərin cavanlar üçün atdığı bu heyratamiz addımı, dünya tarixində nadir addım kimi qiymətləndirmək olar.

İtab ibn Usəyd

İtab ibn Usəyd fəthdən sonra Məkkədə ilk dəfə camaat namazı təşkil etmişdir. İyirmi yaşlı bu gənc Məkkə sakinlərinin, Məscidul-həram əhlinin əmiri səlahiyyətlərini qazanmış və Peyğəmbər (s) onu Məkkəyə vali təyin etmişdir.

Peyğəmbərin (s) on dörd əsr öncə gənclərə yetirdiyi diqqətdən belə bir nəticə alırıq ki, cavanlar bu rəftardan təşviqlənərək Peyğəmbər (s) məktəbinə cəzb olunurdular. Bunu nəzərə alaraq, bütün valideynlər və islahedicilər belə bir incəliyə riayət etməli və gənc nəslin öhdəsində olan dövlətin gələcək taleyini düşünməlidirlər.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 4457, 

Dostların veb səhifələri

14211832
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2136
4145
9819
14046117
103645
173495
14211832

sizin IP ünvanınız: 34.230.84.106
2024-03-19 07:50

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!