İnsaniyyət Ülgüsü

Peyğəmbərimiz (s) belə idi

 

Peyğəmbərimiz (s) belə idi

Peyğəmbər (s) yol getdiyi zaman təkəbbürlü insanlar kimi ayaqlarını yerə sürtməz, vüqarla yeriyərdi. Onunla danışmaq istəyənlərə hakimlər kimi gözünün ucu ilə baxmaz, üzünü onlara çevirib söhbət edərdi. Əksər hallarda başı aşağı halda gözünü yerə dikərdi. Hər kəsi görsəydi salamlaşardı.

Daim fikirli və hüznlüydü. Ehtiyac duyulmadıqca danışmaz, danışdıqda ümumi, az və mənalı danışardı. Həlim xasiyyətliydi, heç kəsi kiçiltməzdi. Az neməti çox sanardı. Heç bir yeməyi pisləməz, heç bir yemək və içməyi də tərif etməzdi. Dünya işləri  üçün əsla qəzəblənməzdi. Lakin Allaha xatir elə qəzəblənərdi ki, heç kəs onu tanımazdı. İşarə etdiyi zaman göz-qaş ilə deyil, əli ilə işarə edərdi. Çox fərəhlənməz və bərkdən  gülməzdi. Onun gülüşü yalnız təbəssüm idi. Hər kəsə elm və fəzilətinə görə dəyər verərdi. Camaatın şərrindən uzaq idi, amma onlardan üz çevirməzdi. Xoş üzünü və xoş xasiyyətini onlardan əsirgəməzdi. Heç kəsin ümidini qırmazdı. Hər kəsin ondan bir hacəti olsaydı, imkan daxilində onun hacətini yerinə yetirərdi. Əgər imkanı olmasaydı, xoş dillə, vədə verməklə onu razı salardı. Hər kəsin haqqına bərabər surətdə riayət edər, heç kəsi səhvinə görə danlamazdı. Səhabələrini bir-bir axtarıb əhvalını soruşardı. Camaatdan qafil olmazdı, onlar batilə üz tutmasınlar deyə Peyğəmbər (s) onlarla yaxından maraqlanardı. Onun yanında ən üstün şəxs müsəlmanlara ən çox xeyirxah olan şəxs idi.

 O, məclisdə Allahı yad edərək oturub-durardı. Məclisdə özü üçün  xüsusi bir yer ayırmazdı. Məclisə daxil olduqda boş olan axırıncı yerdə oturardı. Camaatı da bu cür rəftar etməyə çağırardı. Məclisdə hər kəs ondan bəhrələnərdi. Camaatla elə rəftar edərdi ki, hamı elə bilərdi Peyğəmbərin (s) yanında ən əziz adam odur. Hər kəslə otursaydı, o adam durmadıqca  Peyğəmbər (s) yerindən qalxmazdı. Heç kəs onunla oturmaqdan zərər görməzdi.

Onun məclisi səbr, həya, düzlük, əmanətdarlıq məclisi idi. Orada heç kəs səsini yüksəltməzdi. Heç kəsin pisliyi danışılmazdı. O məclisdə hamı ədalətə, insafa və yaxşılığa riayət edərdi. Onlar bir-birlərini təqvaya çağırır, təvazökarlıq nümayiş etdirirdilər. Yaşlılara hörmət, uşaqlara rəhm edirdilər. Qəriblərin haqqına riayət edirdilər.

Peyğəmbər (s) məclisdə hamı ilə xoş üzlə rəftar edərdi. Səsini yüksəltməz, nalayiq sözlər danışmaz, camaatdan eyb tutmaz və həmçinin camaatı həddindən artıq tərif də etməzdi. Mübahisə etməz və heç kəsin sözünü kəsməzdi. Camaatın eybini və səhvini axtarmazdı. Qəriblərin və ərəblərin pis əxlaqına səbr edərdi.

Rəvayət edirlər ki, bir cavan Peyğəmbərin (s) yanına gəlib dedi: “Mənə zina etməyə icazə verə bilərsiniz?” Peyğəmbərin (s) yanında olan səhabələr onun üstünə qışqırdılar. Peyğəmbər (s) buyurdu: “Yaxın gəl.” O cavan yaxınlaşdı. Peyğəmbər (s) buyurdu: “Heç istəyərsən ki, bir kimsə sənin ananla zina etsin, yaxud sənin qızınla, bacınla, həmçinin, bibilərinlə, xalalarınla bu işi görsün?” Dedi: “Razı olmaram”. Peyğəmbər (s) buyurdu:

 “Allahın bütün bəndələri də belədir.” Sonra öz mübarək əlini onun sinəsinə qoydu və dedi:

   اَلْلَّهُمَّ اغْفِرْذَنْبَهُ وَ طَهِّرْقَلْبَهُ وَ حَصِّن فَرْجَه

Ondan sonra  həmin cavan heç bir yad qadına baxmadı.

Peyğəmbər (s) hətta döyüş zamanı əxlaqi fəzilətlərə riayət edərdi. Döyüşçülərə buyurardı:

        “Hiylə işlətməyin, qənimətləri oğurlamayın, kafirləri öldürdükdən sonra göz, qulaq və başqa əzalarını kəsməyin. Qocaları, uşaqları və qadınları öldürməyin. Mağaralarda və viranələrdə bir guşəyə çəkilmiş rahibləri öldürməyin. Ağacları (mane olanlardan başqa) dibindən kəsməyin, xurmalıqları yandırmayın və suda qərq etməyin. Meyvə ağaclarını çıxartmayın, əkin sahələrini yandırmayın, ola bilsin ki, onlara ehtiyacınız olsun. Əti halal olan heyvanları öldürməyin.  Heç vaxt kafirlərin suyunu zəhərləməyin, hiyləyə əl atmayın”.

            O Həzrət (s) düşmənlərlə hər zaman bu cür rəftar edərdi. Düşmənin üzərinə heç vaxt gecə, qəflətən hücum etməzdi. Nəfslə cihadı ən böyük cihad hesab edərdi.

            Rəvayət olunur ki, o Həzrətin (s) qoşunu kafirlərlə döyüşdən qayıtdığı zaman buyurdu:

“Mərhəba o şəxslərə ki, kiçik cihadı yerinə yetirdilər və böyük cihad onların öhdəsindədir.”

Soruşdular: “Böyük cihad hansıdır?” O Həzrət (s) buyurdu: “Əmmarə nəfslə cihad” .

     Rəvayət olunur ki, o Həzrət (s) dünyadan köçdüyü zaman özündən sonra nə bir dinar və dirhəm, nə qul-qaravaş, nə də bir qoyun, dəvə (mindiyi dəvədən başqa) qoydu.

Bir gün mələklərdən biri Peyğəmbərin (s) yanına gəlib dedi: “Allah sənə salam göndərir və buyurur ki, əgər istəyirsənsə Məkkə səhrasını sənin üçün qızıla çevirim.”

O Həzrət(s) üzünü göyə tutub buyurdu: “Pərvərdigara! İstəyirəm, bir gün tox olum Sənə şükür edim və bir gün ac olum, Səndən istəyim.”

      O Həzrət (s) buyurmuşdur: “Bir neçə xislətdən əl çəkmərəm: torpaq üstə oturmaqdan, qul ilə yemək yeməkdən, uzunqulağa minməkdən, öz əlimlə keçini sağmaqdan, yun paltar geyinməkdən və uşaqlara salam verməkdən”.

      Rəvayət olunur ki, o Həzrət (s) zarafat edərdi, amma yalan söz danışmazdı. Bir gün mədinəli bir qoca qadın o Həzrətə (s) dedi: “Dua edin, Cənnətə daxil olum”. Peyğəmbər (s) buyurdu: “Qoca qadınlar behiştə daxil olmayacaqlar”. O qadın ağladı.  Həzrət (s) güldü və buyurdu: “Cavan və bakirə halda cənnətə daxil olacaqlar”.

   

 “Muntəhal-amal” Şeyx Abbas Qumi

Hazırladı: Əbədi Nur jurnalının təsisçi, baş redaktoru Səadət Əlizadə

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 4805, 

Dostların veb səhifələri

14211750
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2054
4145
9737
14046117
103563
173495
14211750

sizin IP ünvanınız: 54.85.255.74
2024-03-19 07:34

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!