İtaətin Nurunda

İslami qardaşlıq

İslami qardaşlıq

 

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَئِكَ هُمْ خَيْرُ الْبَرِيَّة

“Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdır” (“Bəyyinə” surəsi, ayə 77).

 

İslam dini dostluq və qardaşlığa çox üstünlük verir. Odur ki, Mədinəyə hicrət etdikdən sonra Allah Rəsulunun (s) gördüyü ilk tədbirlərdən biri elə müsəlmanlar arasında qardaşlıq əhd-peymanına bağlamaq, qarətlər, qırğınlar, aramsız müharibələrə adət etmiş pərakəndə ərəb qəbilələri arasında vəhdət və birlik yaratmaq oldu.

Islam dinində bütün müsəlmanlar irqindən, miliyyətindən, rəngindən asılı olmayaraq bir-biri ilə qardaşdırlar və eyni hüquqa malikdirlər. Birinin digərindən üstün olması cismi sağlamlıq, maddi rifah və elmi səviyyədə deyil, təqva və imandadır.

“Hucurat” surəsinin 13-cü ayəsində insanların bərabərliyi və onların yalnız təqva ilə bir-birindən üstün olmaları haqda deyilir:

 

يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُمْ مِنْ ذَكَرٍ وَأُنْثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِنْدَ اللَّهِ أَتْقَاكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ

“Ey iman gətirənlər! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahda ən çox qorxanınız, pis əməllərdən ən çox çəkinəninizdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır”.

 

Islam dini müxtəllif millətlər arasında hökm sürən qeyri insani dəyər və meyarları zaman, məkan və şəraitdən asılı olmayaraq kənarlaşdırdı, müsəlmanlar arasında vəhdət və qardaşlığın əsasını qoydu. Allah-Taala Qurani-Kərimdə möminlərə bir daha xatırladır ki, onlar cahiliyyət dövründə ədavət, kin-kudurət bataqlığında qərq olduqları bir halda qardaşlıq və bərabərlik nemətini bəxş edərək nicat vermişdir.

 

وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا وَاذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ إِذْ كُنْتُمْ أَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُمْ بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنْتُمْ عَلَى شَفَا حُفْرَةٍ مِنَ النَّارِ فَأَنْقَذَكُمْ مِنْهَا كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ 

“Hamınız bir yerdə Allahın ipindən (dinindən) möhkəm yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən O, sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə haqq yola yönəlmiş olasınız” (“Ali-İmran” surəsi ayə 103).

Əziz Peyğəmbərimiz (s) və onun ardıcılları olan məsum imamlar (ə) bu məsələyə xüsusi diqqət yetirmiş və öz kəlamlarından onun mənəvi əhəmiyyətinə təkidlə yanaşmışlar.

Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir: “Hər kim Allaha xatir mömin bir şəxslə qardaşlıq edərsə Allah-Taala onun üçün Cənnətdə elə bir məqam təyin edər ki, əməllərinin heç biri ilə ona nail ola bilməz ” (“Əl-Həqaiq”, səh.318).

Allah-Taala buyurur: “Mənim istək və məhəbbətim o kəslərə nəsib olar ki, Mənə xatir bir-birilə görüşüb hal-əhval tutsunlar. Mənim istək və məhəbbətim o kəslərə nəsib olar ki, Mənə xatir bir-birinə kömək və yardım etsinlər. Mənim istək və məhəbbətim o kəslərə nəsib olar ki, Mənə xatir bir-birinə məhəbbət göstərərək sevmiş olsunlar. Mənim istək və məhəbbətim o kəslərə nəsib olar ki, Mənə xatir öz mallarından bir-birinə ehsan və sədəqə vermiş olsunlar” (Müsnədi-Əhməd ibn Həmbəl, c.4, səh.386).

Imam Sadiqdən gələn hədislərin birində Allah xatir sevmək və Ona xatir düşmənçilik etmək Allah dostları ilə dostluq, düşmənləri ilə düşmənçilik etmək imanın ən başlıca şərti hesab olunur.

Allah-Taala Quranda möminləri bir-birilə qardaş adlandırır:

إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ

“Həqiqətən, möminlər bir-birilə qardaşdırlar” (“Hucurat” surəsi, ayə 10).

Ona görə də hər bir mömin Allahın ona vacib etdiyi əmrə tabe olmalı və öz mömin qardaşına hörmətlə yanaşmalıdır. Möminləri bir-birini sevib qardaş olmaları onların Allaha olan etiqadı, Onun əmrlərinə tabe olmaları, eyni qibləyə üz tutmaları və eyni kitaba (Qurana) iman gətirmələrindən irəli gəlir.

Lakin maraq məqsədi ilə başqalarına hörmətlə yanaşan şəxslər də var. Onlar bu saxta səmimiyyəti ya var dövlət əldə etmək üçün, ya həmin şəxsdən asılı olduğundan, ya da müəyyən bir təhlükədən qorunmaq üçün edirlər.

İstəklərinə nail olduqda ya da hörmət etdikləri şəxs tutduğu vəzifəsindən uzaqlaşdıqda təbii ki, belə dostluğa da son qoyulur. İslam nöqteyi-nəzərindən maddi və dünyəvi maraqlara əsaslanan dostluq əlaqələri, zahir istək və məhəbbət batil və boş hesab olunur. Islam dininin tövsiyə etdiyi dostluq və məhəbbət, qardaşlıq prinsipləri müqəddəs İlahi dəyərlərdən qaynaqlandığı üçüçn daha möhkəm və sarsılmaz olur. Maddi və sinfi ixtilafların möminlər üçün heç bir əhəmiyyəti yoxdur. Çünki onlar bir-birlərinə qayğı və səmimi məhəbbət göstərirlər.tarixə baxsaq əziz Peyğəmbərimiz (s) öz qulluqçuları ilə bir süfrə arxasında oturub onların yedikləri yeməklərdən yeməsini görərik.

Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, başqalarının razılığını qazanmaq, maddi maraq və mənfəətlər üzərində qurulan dostluq əlaqələrinin İslam nöqteyi-nəzərindən heç bir əhəmiyyəti yoxdur və bu bir növ şirk hesab olunur. Çünki insanda başqa birinə qarşı məhəbbət hissi o vaxt yaranır ki, o şəxs daxili və zahiri cəhətdən hansısa gözəl xüsusiyyətlərə malik olsun Bütün gözəlliklərin mənşəyi isə Allahın müqəddəs zatındandır. Əgər bir şəxsi Allaha xatir deyil, yalnız zahiri gözəlliyinə görə seviriksə, sözün əsil mənasında şirkə yol veririk. Bizi mömin və əməli saleh şəxslərlə dostluğa sövq etməkdə İslam iki məqsəd güdür:

1. Hər hansı bir şəxslə dostluq əlaqələrinin qurulması onun dostları ilə də dostluq əlaqələrinin yaranmasına səbəb olur. Deməli, Allahı sevmək Ona yaxın olan, iman gətirmiş əməli saleh insanları və övliyaları da sevməyimizə səbəb olmalıdır.

2. Allah yaxın olan insanları sevmək bizi daim Allahı yaxınlaşmağa kömək edir.

Buradan belə nəticəyə gəlmək olar ki, mömin şəxs Allaha yaxın olan övliya və əməli saleh insanları Allaha xatir sevdiyi kimi, Onun düşmənlərinə və kafirlərə qarşı da əks mövqe tutmalı və onları öz düşməni hesab etməlidir. Allah və Onun eşqi ilə yaşayan insanlara olan məhəbbət, onlarla düşmənçilik edən şəxslərə qarşı düşmənçilik hissssi insanların bütün İlahi göstərişlərə tabe olmalarını tələb edir. Şəni uca olan Allah bizə həyat və saysız-hesabsız nemətlər bəxş etməklə öz bəndələrinə olan yüksək sevgi və məhəbbətini bildirmişdir. Qurani-Kərimdə bu haqda deyilir:

وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ وَلَئِنْ كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ 

“Əgər (Mənə) şükr etsəniz, sizə olan nemətlərimi artıracağam” (“İbrahim” surəsi, ayə 7).

Nemətlər artmaqla insan Allah dərgahında ən yüksək məqamlara nail olur. Bir müsəlman kimi üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməli və mömin qardaşlarımızın hüquqlarına riayət etməliyik. Kafirlər və Allah düşmənləri ilə sıx dostluq əlaqələri yaratmaq isə bizləri tədricən Allahdan uzaqlaşdırır və günbəgün günaha doğru sürükləyir.

Qurani-Kərimdə bu haqda deyilir:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا الْكَافِرِينَ أَوْلِيَاءَ مِنْ دُونِ الْمُؤْمِنِينَ أَتُرِيدُونَ أَنْ تَجْعَلُوا لِلَّهِ عَلَيْكُمْ سُلْطَانًا مُبِينًا 

“Ey iman gətirənlər! Möminləri qoyub kafirləri dost tutmayın. Məgər Allaha öz əleyhinizə açıq bir dəlilmi vermək istəyirsiniz?” (“Nisa” surəsi, ayə 144)

...يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا عَدُوِّي وَعَدُوَّكُمْ 

“Ey iman gətirənlər! Nə Mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun!...” (“Mumtəhinə” surəsi, ayə 1)

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 4395, 

Dostların veb səhifələri

14269964
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
8368
3903
28938
14090902
161777
173495
14269964

sizin IP ünvanınız: 44.204.34.64
2024-03-28 22:59

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!