Print this page

Kitabşünaslıq

“Nəhcul-Bəlağə” - نَهْجُ الْبَلاَغَة

 
(1 Vote)

 

 

NƏHCUL-BƏLAĞƏ - نَهْجُ الْبَلاَغَة

 

“Nəhcul-Bəlağə” - (bəlağətin açıq yolu) Həzrəti Əlinin (ə) sözlərindən və məktublarından yığılmışdır.

Seyyid Razi dördüncü yüzilliyin sonlarına doğru imam Əlinin (ə) söhbətləri və məktublarından ədəbi bəlağət yönündən üstün olan bölümləri seçmiş və “Nəhcul-Bəlağə” adı altında toplamışdır. Özü də tanınmış bir ədib və şair olan Seyyid Razi sahib olduğu əsərləri arasında “Nəhcul-Bəlağə” kitabının xüsusi bir yeri olduğunu söyləmişdir.

“Nəhcul-Bəlağə” üç bölümə ayrılmışdır:

Xütbələr,

Məktublar,

Hikmətli Sözlər.

İmam Əli (ə) söhbətlərində insanları ilahi əmirlərə və haramları tərk etmək dəvət etmiş, məktublarında isə dövlət məmurlarına xalqın haqlarına riayət etmələrini tövsiyə etmişdir. “Nəhcül-Bəlağə” qısa sözlərdən, nəsihətli və hikmətli söhbətlərdən ibarətdir. Bu sözlər ədəbi bəlağətin zirvə nöqtəsində bəyan edilmişdir.

Bu kitab müxtəlif dillərə tərcümə olunmuşdur. Şiə, sünni akademikləri və alimləri bu kitab haqqında çoxlu sayda şərhlər yazmışlar.

 

HƏZRƏTI ƏLININ (Ə) SÖZLƏRININ TOPLANMASININ SƏBƏBI

Seyyid Razi “Nəhcul –Bəlağə”nın ön sözündə yazır: “Ömrümün bahar çağlarını yaşayırdım və həyat yolum hələ təzə ikən İmamların (ə) xüsusiyyətləri haqqında bir kitab yazmağa başladım. Bu kitabda o məsumların gözəl və dəyərli sözləri vardı. Kitabın əvvəlində bu işə xüsusi bir hədəflə başladığımı bildirdim. Həzrəti Əlinin (ə) unikal xüsusiyyətlərini yazdıqdan sonra bu kitabı davam etdirmədim. Kitabı bölümlərə və qisimlərə ayırdım. Son bölümündə uzun xütbələr yerinə öyüdlərini, hikmətlərini, örnəklərini və qısa ədəbi sözlərini bir yerə topladım.

Bəzi dostlarım bu kitabı oxuyanda çox bəyənib təriflədilər, fəsahət və bəlağətilə yanaşı unikallığı və etibarlılığına heyran olduqlarını bildirdilər. Ona görə məndən həzrəti Əlinin (ə) müxtəlif səpgidə və mövzularda seçilmiş sözlərini bir araya gətirməyimi istədilər. Həzrət Əlinin (ə) öyüd, yazı, xütbə və hikmətli sözlərini toplamağımı tələb etdilər. Çünki onlar həzrət Əlinin(ə) bu sözlərinin fəsahət və bəlağətini, ərəb dilinin incisi, dini-dünyəvi sözlərinin nuru olduğunu çox yaxşı bilirdilər və belə bir özəlliklər heç bir bəşər sözündə, heç bir kitabda bir araya gəlməmişdir.

Hz. Əli fəsahətin qapısı, ağılın köküdür. Fəsahət və bəlağətin gizliliyi onun sözlərində təcəlli etmiş (ortaya çıxmış) və onunla bir nizamda cəmlənmişdir. Hər xətib onun örnəklərindən özünə nümunə götürmüş, hər bir təbliğatçı onun sözlərindən kömək almışdı. Buna rəğmən o hər kəsdən irəlidədir və onlar həzrəti Əlidən (ə) geri qalmışdılar. Çünki onun sözlərində ilahi elmin izi və Peyğəmbərin (s) qoxusu var idi. Axır ki, onların dediklərini dinlədim, çünki bu kitabın şöhrət qazanacağını və mənə də axirət savabı qazandıracağını bilirdim. Həzrət Əlinin (ə) bilinən bir çox fəzilətləri ilə yanaşı bu fəzilətinin də bilinməsini istədim. Ona görə ki, həzrəti Əli (ə) bu sahədə özündən öncəkilərdən daha üstün və bənzərsizdir. Həzrət Əlinin (ə) sözləri ucu bucağı, sahili və dərinliyi olmayan geniş bir dəniz kimidir”.

 

“NƏHCUL-BƏLAĞƏ”NIN ADININ QOYULMASI

Nəhc – açıq yol deməkdir. Beləliklə “Nəhcul-Bəlağə” bəlağətin açıq yolu və tarixi deməkdir. Seyyid Razi kitabın ön sözündə yazır:

Bu kitaba “Nəhcul-Bəlağə” adını verdim. Çünki bu kitab fəsahət və bəlağət qapılarını açan bir kitabdır. Həm müəllimin, həm də şagirdin bu kitaba ehtiyacı vardır. Bəlağət və fəsahət alimləri də zöhd və riyazət mütəxəssisləri də bu kitabı arzu edərlər. Həzrəti Əlinin (ə) bu kitabda tohid, ədalət və Allahın Öz yaratdıqlarına bənzəməkdən münəzzəh olduğuna dair çox maraqlı sözləri vardır. Bu sözlər susuzluğun aparar, dərdlərə şifa verər və şübhələri aydınlaşdırar.

Əhli sünnə alimlərindən köhnə Misir müftisi Şeyx Muhəmməd Əbduh “Nəhcul-Bəlağə”ya yazdığı şərhin ön sözündə belə yazmaqdadır:

“Anlamına dəlalət edən bu qədər gözəl bir ad daha bilmirəm. Kitabın anlamına dəlalət edən bu addan daha artığını açıqlamaq mənim gücümdə deyil...”

 

“NƏHCUL-BƏLAĞƏ”NIN MƏZMUNU

Seyyid Razi (r.ə.) “Nəhcul-Bəlağə”nın ön sözündə kitabı necə nizamlaması barədə belə yazır: “Həzrəti Əlinin (ə) sözləri üç önəmli nöqtə ətrafında dövr edir.

Xütbə və əmrlər

Məktub və yazılar

Hikmətli sözlər və tövsiyələr

Əvvəlcə Allahın köməkliyi ilə gözəl xütbələrini, sonra məktublarını, sonra da hikmətli sözlərini topladım. Bunların hər biri üçün bir bölüm ayırdım. O bölümə aid olub amma hələlik əldə etmədiyim amma müəyyən zaman içində əldə olunma ehtimalı olan sözləri də yazmaq üçün bir neçə səhifəni boş qoydum. Bir şey əldə edən kimi də uyğun və bənzər yerlərə qoyurdum. Müəyyən bir qaydada etməsəm də həzrət Əlinin (ə) gözəl sözlərini tapdıqca yazırdım. Çünki mən sözlərin düzən və uyğunluğunu müşahidə etməyə deyil, gözəl və önəmli nöqtələri özündə cəm edən sözləri toplamağa çalışırdım.

Həzrət Əlinin (ə) zöhd, öyüd, xatırlatma və çəkindirmə kimi sözləri çox maraqlıdır. Düşüncəli insan bu sözlərin sahibini zöhdən üstün və ibadətdən başqa ayrı işi olmayan bir insan kimi təsəvvür edər. Bəzən də bu sözlərin sahibinin xəlvətə çəkilib və ya bir dağın ətəyinə sığınan kəs olduğunu düşünər. Belə ki, bu sözlərin sahibi hislərindən kənar heç bir şey hiss etməyib sadəcə nəfsini düşünənə bənzəyir. Amma bəzən də bu sözlərin sahibi döyüş meydanlarında qılınc çəkən, məşhur qəhrəmanları yerə sərən və qılıncından qan damlıyan birini xatırladır, bu halıyla da zahidlərin zahidi və qəhrəmanların qəhrəmanıdır. Bu özəllik həzrət Əlinin (ə) bənzərsiz fəzilətlərindən biridir. Həzrət Əli (ə) bu gözəl özünəməxsusluğu ilə zidləri birləşdirmiş və parçalanmışları bir araya gətirmişdir.

Bu sözləri seçərkən insanı tərəddüdə salan və məna baxımından təkrar olanlara çox rast gəldim. Bunun səbəbi də həzrəti Əlinin (ə) rəvayətlərindəki fərqliliklərdir. Bəzən bir rəvayət başqa bir rəvayətdən fərqli bir tərzdə nəql olunmuşdur. Bəzisində bir cümlə çox yer almış, bəzisində isə daha gözəl bir təbir var idi. Ona görə də ehtimal verməyi bir kənara qoyub, seçilmiş bu sözlərdə heç nəyin əskik olmamasına diqqət elədim. Çünki müəyyən vaxtdan sonra ilk rəvayətin unudulması və ya bilinməməsinə görə istəmədən eyni anlamın başqa tərzdə rəvayət olunması da mümkün olurdu. Bütün bu diqqətimə baxmayaraq deyə bilmərəm ki, həzrət Əlinin (ə) sözlərinin hamısını yazdım. Mənə yetişən sözlərin yetişməyənlərdən daha az olması da mümkündür. Mən sadəcə gücüm çatan qədərini etmək üçün əlimdən gələni əsirgəmədim. Həqiqəti görüb doğru yolu aydın göstərmək ancaq Allahın sonsuz lütfü ilə mümkündür.

Beləliklə “Nəhcul- Bəlağə” üç kateqoriyaya ayrıldı: Xütbələr; Məktublar; Hikmətli Sözlər. Kitabın kopyalarında fərqliliklər olduğu üçün bunların sayı barədə də kiçik fərqliliklər var. “Əl-Mucəmul Mufəhrəs li-Əlfəz Nəhcul-Bəlağə” kitabına əsasən xütbələrin sayı 241, məktubların sayı 79, hikmətli sözlərin sayı 480-dir.

 

XÜTBƏLƏR

“Nəhcul-Bəlağə” İslam təlimlərinin bir ensiklopediyası hökmündədir: Teoloji, mələklər aləmi, aləmin yaradılışı, insanın təbiəti, ümmətlər, saleh və zalım hökümətlər. Ancaq bu sözlərin işləndiyi bütün çıxışlarda əsas nöqtə budur ki, imam Əlinin (ə) məqsədi həyat biliklərini, heyvanlara dair bilik, fəlsəfə və tarixi məqamları öyrədib açıqlamaq deyil, onun bu mövzulardan məqsədi “Qurani-Kərim” kimi məxsus və məqbul olan, hər cür faktdan yararlanaraq dinləyicilərin gözləri önünə açıq və dərk oluna bilən örnəklər təqdim etməkdir. Daha sonra isə yavaş-yavaş onu özü ilə birlikdə çatması lazım olan Allahın hüdudlarına çatmasıdır.

Orada göylərin və yerin, günəş və ayın, ulduzlar və dağların yaradılışı haqqında bəhs edərkən nəsihət diliylə Yaradanın yaradılanlara danışdığı hər şeyin mütləq xeyirli olduğunu söyləməkdir. Ancaq şükür etməyən nankor insan bütün bu nemətlərin haqqını verməməklə yanaşı həm də Allahın yolundan şeytan yoluna üz çevirir. İlahi baxışı şər yolunda və fitnə icad etməydə istifadə edir. Keçmiş ümmətlərin hekayələrini insanlara anlatdıqda baxın - keçmiş ümmətlər bu dünyadan köçdülər və hal-hazırda torpaq altındadırlar lakin nə etdilər, nə gördülər?! Onların yaxşı işlərini izləyin və onların aradan getməsinə səbəb olan pis işlərdən kənar durun! Zaman ibrət güzgüsüdür və keçmişi onda görmək mümkündür. Amma ibrət alan kim və kimlərdir?!

Bəzən bütün bu öyüd və nəsihətlər səhabələrinə baxıb onların vəziyyəti haqqında narahat olmaqdadır. Qəflətən dağ kimi böyük bir hüzün və üzüntü qəlbinə çökməklə və minbərində oturan həqiqət tərəfdarlarına baxmaqla onları keçmişə həzrət Muməmməd (s) və ya başqasını özündən üstün edən Allah və diriliş gününə inanan səhabələrin zamanına aparmaqdadır. Sonra yenidən orada hazır olanlara baxaraq davam etməkdədir. Aradan hələ otuz il keçməsə də nə oldu bu qısa zaman içində müsəlman görünənlər əsil müsəlmanların yerini aldılar? Dünyanın üzlərinə güldüyü insanlar Allahı unutmuş və öz imamlarına (ə) itaətsizlik etmişlər. Allah yolunda şəhid vermiş və bu yolda şəhid verməyi arzulayanlar hara getdilər? Sadri İslamdakı müsəlmanlara baxmaqla başqalarını özlərindən necə üstün tutduğunu və dünya malının özlərini kirləməməsi üçün necə çırpındıqlarını vurğulamaqdadır. Bəs bunlar indi niyə dünyapərəst oldular və sərvət arxasınca qaçırlar? Bu və bunun kimi örnəklər imam Əlinin (ə) xütbələrini bəzəməkdədir.

 

 

MƏKTUBLAR

Məktublar daha çox vali və rəhbərlərin vəzifələri haqqındadır. Nümunə: Fərqli insan siniflərinə qarşı necə davranmalı, xalqın xəzinəsini necə qorumağın lazımlılığı, xəzinədə cəmiyyətin məsləhət və maraqlarını gözləmək kimi mövzular vardır. Ancaq bu məktubların içində o zamanın rəhbərlərinin itaətində olanlara necə davrandıqları kimi bir davranış tərzi yoxdur. Dünyanın acı və dadlı günlərini təcrübə etmiş şəfqətli və yaşlı bir atanın uşağına yaşamaq uğrunda aparılan mübarizənin necə olması haqqında öyüdlərdən ibarət məktublar da var.

 

HİKMƏTLİ SÖZLƏR

Bu bölümdə möminlərin əmiri həzrət Əlinin (ə) hikmətli sözləri, öyüdləri və ayrıca qısa kəlamlar və suallara verdiyi cavablar yer almaqdadır.

 

TƏRCÜMƏLƏR

“Nəhcul-Bəlağə” üçün çoxlu tərcümələr olunmuşdur. Bəzi tərcüməçilərin adlarını qeyd edirik:

1 Azizullah Cüveyni

2 Seyyid Cəfər Şəhidi

3 Əbdül Muhəmməd Ayəti

4 Əli Nəqi Feyzulislam

5 Muhəmməd Məhdi Fuladivənd

6 Əsədullah Mübəşşiri və digərləri.

 

AÇIQLAMALARI

“Nəhcul-Bəlağə”ya çoxlu sayda açıqlama və şərhlər yazılmışdır və bunların bir çoxu hal-hazırda yoxdur. Fehrest yazarları bunlardan bir çoxlarının adını qeyd etmişdir. “Kitabnameyi Nəhcul-Bəlağə” kitabı “Nəhcul-Bəlağə” haqqında 300-dən çox müxtəlif dillərdə yazılmış kitablardan bəhs edir. Aşağıda qeyd olunan kitab adları günümüzdə mövcud olan önəmli açıqlamaların bəzilərini ehtiva etməkdədir. Kitablar ərəb və fars dillərində yazılmışdır.

1 İbn Əbul Hədid Mötəzilin yazdığı “Nəhcul-Bəlağə”nın tərcümə və şərhi

2 Altıncı yüzillikdə yaşamış İbn Meysəmin yazdığı “Nəhcul-Bəlağə”nin tərcümə və şərhi

3 Muhəmməd Təqi Cəfərinin yazdığı “Nəhcul-Bəlağə”nın tərcümə və təfsiri

4 Məarici Nəhcul-Bələğa – Zuheyruddin Əbul Həsən Əli ibn Zeyd əl-Beyhəqi (ölümü565)

5 Minhəcul Bəraat fi Şərhi Nəhcul-Bələğa – Kutbuddin Razi (ölümü 573) Əzizullah əl-Əttaradi

6 İləmu Nəhcul-Bəlağə – Əli ibn Nəsir əs-Sarahsi (6 yüz illik)

7 Şərhi Nəhcul-Bəlağə – Li ibn Əbul Hədid, Muhəmməd Əbul Fəzl İbrahim və bir çoxları.

 

“NƏHCUL-BƏLAĞƏ”NIN SƏNƏDLƏRİ

Bəzi əhli sünnət üləmaları “Nəhcul-Bəlağə”nın sənədində şübhəyə düşmüşlər. İbn Həlləkan (ölümü 681) deyir: “İnsanlar imam Əli ibn Əbu Talibin (r) sözlərindən ibarət olan “Nəhcul-Bəlağə” adlı kitab haqqında anlaşılmazlığa düşmüşlər. Görəsən onu Seyyid Murtəza bir araya gətirmiş yoxsa qardaşı Razi? Deyirlər ki, bu Əlinin (ə) sözləri deyil, bunları toplayanların sözləridir. Allah daha yaxşısını bilir. Bundan sonra isə Zəhəbi (ölümü 748) qəti şəkildə deyir: “Seyyid Murtəza İmam Əlinin (ə) sözlərinin nisbət verildiyi “Nəhcul-Bəlağə” kitabını toplayan adamdır. Bu nisbət haqqında bir sənəd yoxdur. Onlardan bəziləri batil, bəziləri isə doğrudur. Lakin bunu bir araya gətirənin Razi olduğu da deyilir.

İbn Həlləkən insanların tərəddüd etdiklərindən bəhs edərkən İbn Əbil Hədid (ölümü:656) “Siqşiqiyyə xütbəsi” barədə bunlardan bəzilərinə toxunur. Buna qəti şəkildə cavab verərək deyir: “603-cü ildə Musaddıq ibn Şubeyyib Vasitinin belə dediyini eşitdim: “Bu xütbəni (Şiqşiqiyyə xütbəsi) İbn Həşşəb adı ilə məşhur olan Əbdullah ibn Əhmədə oxudum... Sonra ona belə dedim “Bu xütbənin həzrət Əliyə (ə) nisbəti doğrudurmu?” Dedi ki, “And olsun Allaha ki, sənin Musaddıq olduğunu bildiyim kimi onun da həzrət Əlinin (ə) sözü olduğunu bilirəm.” Sonra ona dedim: “İnsanların bəziləri bu xütbənin Razinin olduğunu deyirlər”. “Razi və başqaları hara bu xütbənin üslubu hara? Biz Razinin Rəsailini görmüşük və onun nəsirdəki üslub və tərzindən xəbərdarıq o bu xütbəyə heç bir şey qatmamışdır”. Sonra belə dedi: “And olsun Allaha bu xütbəni Razi dünyaya gəlməmişdən 200 il əvvəl yazılmış olan kitablarda görmüşəm və yazıçıların xətlərini də tanıyıram. Hələ Razinin atası Əbu Əhməd dünyaya gəlməmişdən öncə hansı alimlər və ədiblər tərəfindən yazıldığını da bilirəm”. Davamında dedi: “Mən bu xütbənin bir çoxunu Bağdadın Mötəzilə imamı, şeyximiz Əbul Qasim Bəlhinin yazılarında da görmüşəm. O, Razi dünyaya gəlməmişdən qabaq güclü bir dövlətdə yaşayırdı. Bundan əlavə onun bir çoxunu “əl-İnsaf” adlı kitabı ilə məşhurlaşan imamiyyə mütəkəllimlərindən olan Əbu Cəfər bin Qubbənin kitabında da görmüşəm. Əbu Cəfər - Şeyx Əbul Qasim Bəlhinin tələbələrindəndir. O, hələ Razi dünyaya gəlməmiş dünyasını dəyişmişdi”.

 

NƏHCUL-BƏLAĞƏNİN MUSTƏDRƏKLƏRİ

“Nəhcul-Bəlağə” kitabının imam Əlinin (ə) bəzi sözlərindən seçmələr olduğu bilərək bəzi araşdırmacı-yazarlar imam Əlinin (ə) bütün sözlərini toplamağı qərara almışlar. Bu əsərlərdən bəziləri bunlardır:

1 Tamam Nəhcul-Bəlağə mimmə əvrədəhu əş-Şərif ər-Razi əsər Məvlanai-İmam Əmirul-Muminin Əli ibn əbu Talib (ə) təhqiq, tətmim və tənsiq – Sadiq əl-Musəvi, Qami bi-Təvsikil-Kitab Muhəmməd Assaf, Racəəhu və Sahhənə Nususəhu Fərdi əs-Səyyid

2 Nəhcus-Səadət fi Mustədrək Nəhcul-Bəlağə babul-Kutub vər-Rəsail – Muhəmməd Baqir əl-Mahmudi, təshih- Əziz Əli Talib

3 Nəhcus-Səadət fi Mustədrək Nəhcul-Bəlağə babul-hutəb vəl Kəlim – Muhəmməd Baqir əl-Mahmudi, təshih- Əziz Əli Talib

4 Mustədri Nəhcul Bəlağə... əl-Hadi Kaşiful-ğita.

 

Hazırladı: Lalə Zəhrayi

 

 

MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR

 

 

 


 4776,