Munacatlar

Duanın əhəmiyyəti

 

Duanın əhəmiyyəti

 

يَا أَيُّهَا النَّاسُ أَنْتُمُ الْفُقَرَاءُ إِلَى اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ

“Ey insanlar, siz Allaha möhtacsınız, Allah isə (heç nəyə, o cümlədən, sizin ibadətinizə) möhtac deyildir və hər cür şükrə, tərifə layiqdir!” (“Fatir” surəsi, ayə 15)

Həqiqətən də, insan zatən (fitrətən) ehtiyaclıdır, asılıdır, möhtacdır. Allah isə ehtiyacsızdır, asılılığa, ehtiyaca aparan bütün xüsusiyyətlərdən pak və münəzzəhdir. İnsan isə Allaha möhtacdır, öz Yaradanından asılıdır. İnsan təkcə maddi baxımdan Allahdan asılı deyil, həm də mənəvi cəhətdən Allaha möhtacdır. Çünki Allahla insan arasında olan “qəni” və “fəqirlik” münasibəti heç də maddiyyətlə xülasələnmir. Diqqət yetirsək görərik ki, hətta ən varlı insanlar belə Allaha möhtacdırlar. Çünki insan hər nəyə nail olubsa, bu nail olduqlarının hər biri Allahın  lütf və ehsanı sayəsində, Allahın izni ilə, Onun bizə verdiyi güc-qüvvə, əql, istedad və bacarıqlar sayəsindədir. Bir halda ki, bu qədər nemətləri təmannasız olaraq bəxş edən Allahdırsa, heç nə özümüzün deyilsə, Allahdan bu dərəcədə asılıyıqsa və Ona bağlıyıqsa, necə özümüzü varlı, qəni, qüdrətli hesab edib, qürrələnə bilərik? Halbuki, insanın zahirdə malik olduğu qəniliyi də Allah-talanın qəniliyinə çata bilməz. Yalnız zaman və məkan məhdudələrində mövcud olan  və özünü maddi cəhətdən qəni hesab edən, təkəbbür libasına bürünən, varlığı ilə öyünən, qürrələnən insanlar belə Allaha məxsusdur və Onun mülkü, yaratdığı şeylərlə varlı olmuşlar.

Qurani-kərimdə buyurulduğu kimi:    

 

لا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَكِنْ يُؤَاخِذُكُمْ بِمَا كَسَبَتْ قُلُوبُكُمْ وَاللَّهُ غَفُورٌ حَلِيمٌ

“Yerdə və göydə hər nə varsa, Onundur” (“Bəqərə” surəsi, ayə 255).

 

Ey insan! Düşünsən əgər, görərsən ki, hətta öz varlığını, mövcudluğunu, yaşamağını, həyatını belə Allaha borclusan. Hər an çəkdiyin nəfəsin belə Onun ixtiyarındadır. Bu halda necə ola bilər ki, özün Allahın, var-dövlətin isə özününkü olsun. Bax elə buradan başlayır, məxluqla Xaliqin, insanla Allahın əlaqəsi və insanın bəndəlik münasibəti... Deməli, insan hər cəhətdən ehtiyaclıdır və öz ehtiyaclarını ödəmək üçün yollar, vasitələr axtarır. Xoş o insanın halına ki, bilir ehtiyac nədir. İnsan bilir ki, onun ehtiyac duyduğu şeylər Allahın əlindədir və buna görə də yalnız Ondan istəməli, Ona dua etməlidir. Təbii ki, insan öz ehtiyaclarını aradan qaldırmaq, istəklərinə çatmaq üçün özündə əl açıb diləmək və istəmək hissi duyur. İnsanın bu halətinə yaxşı bələd olan, onu özündən də yaxşı tanıyan Allah insana yalnız Ona əl açıb, Ondan diləməyə və yalnız Ona dua etməyə əmr edib. Lakin, bəzən insan özünü Allahdan ehtiyacsız hiss edərək qürurlanır və Allaha ibadət etməkdən boyun qaçırır. Allah dərgahına əl açıb dua etməyi özünə yaraşdırmayan bir insanın bu halətə düşməyinə səbəb, əslində, onun qürur  və təkəbbürlü olmağıdır. Belə şəxslər cəhənnəm əzabına düçar olacaqlar:

 

وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ

“Rəbbiniz buyurdu: Mənə dua edin. Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi qürurlarına sıxışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər” (“Ğafir” surəsi, ayə 60).

İmam Baqir (ə) buyurur:  “Mənə ibadət etməyi qürurlarına sığışdırmayanlar Cəhənnəmə zəlil olduqları halda girəcəklər” (“Üsuli-Kafi”, c.2).

Səhabələrindən biri İmam Baqirdən (ə) soruşur: “İbadətin daha fəzilətlisi hansıdır?!”

Buyurdu: “Allah dərgahında duadan daha fəzilətli ibadət yoxdur, ən mənfuru isə Ona qarşı təkəbbürlü olub, ehtiyacların Onun dərgahından dilənilməməsidir” (“Üsuli-kafi”, c.2).

Allah-Taala Qurani-Kərimin bir çox ayələrində insanları dua etməyə dəvət edərək, özü də həmin duaları qəbul edəcəyini bildirir:

 

مَا يُجَادِلُ فِي آيَاتِ اللَّهِ إِلا الَّذِينَ كَفَرُوا فَلا يَغْرُرْكَ تَقَلُّبُهُمْ فِي الْبِلادِ

“Məni çağırın, sizin duanızı qəbul edim” (“Ğafir” surəsi, ayə 4).

 

كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَكُمْ وَعَسَى أَنْ تَكْرَهُوا شَيْئًا وَهُوَ خَيْرٌ لَكُمْ وَعَسَى أَنْ تُحِبُّوا شَيْئًا وَهُوَ شَرٌّ لَكُمْ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لا تَعْلَمُونَ

“Bəndələrim səndən, Məni soruşduqda, de: Mən (onlara) yaxınam, Məni çağıranın çağırışına cavab verirəm. (Belə isə) gərək Mənim dəvətimi qəbul edib, Mənə iman gətirsinlər ki, bəlkə düz yol tapalar” (“Bəqərə” surəsi, ayə 216).

Doğrudan da, insan enişli-yoxuşlu, keşməkeşli həyat cığırlarını addımladıqca bəzən elə çətinliklərlə rastlaşır ki, onların həlli yollarını tapa bilmir. Belə anlarda Allah qapısına üz tutmalı, Ondan yardım diləməli və kömək istəməliyik. Gerçəkdə Allah qapısına üz tutan, Allah dərgahına əl açıb dua edən, təvazökarlıqla öz istək və hacətlərini diləyən elə bir insan varmı ki, Allah qapısından əliboş qayıtsın?! Axı Allah bizim çətinliklərimizi və onların qurtuluş yollarını bizdən daha yaxşı bilir.

 

وَعَسَى أَنْ تَكْرَهُوا شَيْئًا وَهُوَ خَيْرٌ لَكُمْ وَعَسَى أَنْ تُحِبُّوا شَيْئًا وَهُوَ شَرٌّ لَكُمْ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لا... تَعْلَمُونَ

“Nə çox ola bilər ki, sizin bir şeydən xoşunuz gəlməsin, amma o, sizin xeyirinizə olsun, nə çox ola bilər ki, siz bir şeyi sevəsiniz, amma o, sizin zərərinizə olsun” (“Bəqərə” surəsi, ayə 216).

 

Ey insan, sənə bu qədər yaxın olan Allaha dua et – O Allah ki, səni yoxdan yaratdı, sənin vücudunu yoxluqdan varlığa gətirdi. O Allah ki, hər an sənə vücud ötürür, hər an sənin varlığını ödəyir. O Allah ki, yaradılış aləmi başdan-başa Onun qüdrətinin, əzəmətinin nişanələri ilə doludur. Ey insan, dua et o Allah ki,  ən yüksək kamal sahibi və bütün kamalların, gözəlliklərin zirvəsidir və bəndəsi Onu çağıranda, istəyəndə, ilahi göstərişlərə  əməl edib, ilahi sevgisini əməlində təzahür etdirəndə, bütün iradəsini şüurlu şəkildə kamala çatdırmaq, dəyərlərə sahib olmaq, İslamı olduğu kimi yaşatmaq, mənəvi məqamlara çatmaq istiqamətində tətbiq edəndə və layiq olanda Allah da onu öz tutumuna uyğun kamala çatdırır, istəklərini qəbul edir.   

Peyğəmbər (s) və onun pak Əhli-beytindən (ə) dua etməyin fəziləti barədə bir neçə hədisləri qeyd etmək olar:

Peyğəmbər (s) buyurur: “Dua möminin silahı, dinin sütunu, yer və göylərin nurudur” (“Üsuli-Kafi”, c.2).   

Əli (ə) buyurur: “Allahın agah bəndələri o kəslərdir ki, Allaha çox dua etsinlər” (“Biharul-ənvar”, c.93, bab 16).

Duadır – insana çətin anlarda ümid verən, ona sevinc bəxş edən, qəlbinə aramlıq və rahatlıq gətirən!

Duadır – ruhun qidası!

Duadır – insana ehtiyaclı olduğu məqamlarda hər an Allah qarşısında aciz olduğunu xatırladan, Allaha möhtac olduğunu anladan, insanı təkəbbürdən qoruyan.

Əgər belədirsə, Allah Özü bizi dua etməyə çağırırsa, ibadətə təşviq edirsə və dualarımızı qəbul edəcəyinə zəmanət verirsə, nə üçün Yaradanın bu mübarək çağırışına “Ləbbeyk” deməyək.

Allahım, bizə Öz razılığın olan şeyləri nəsib et! İlahi, bizi təqva libasına bürünənlərdən, həqiqi mömin və möminələrdən qərar ver.

İmam Hüseynin (ə)  buyurduğu kimi: “Pərvərdigara! Sən, çağıranlar içərisində ən yaxın, çağırışı (duanı) ən tez qəbul edən, əfv edənlərin ən kəramətlisi (Kərimi), ən çox əta edən, sual olunanların ən yaxşı eşidənisən. Ey dünya və axirətdə rəhman, bağışlayan, bu iki dünyada rəhim (rəhməti geniş) Allah”.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 3455, 

Dostların veb səhifələri

14273763
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3182
8985
32737
14090902
165576
173495
14273763

sizin IP ünvanınız: 3.82.232.31
2024-03-29 11:02

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!