Nur Silsiləsi

Həzrət Lut (ə)

 

Həzrət Lut (ə)

 

Həzrət Lut (ə) İbrahim peyğəmbərə (ə) iman gətirmiş və onunla Babilə hicrət etmiş bir peğəmbər idi. O da başqa peyğəmbərlər kimi elm, hikmət sahibi və Allahın saleh bəndələrindən olmuşdur. Qurani-Kərimdə buyurulur:

«Və Biz Luta hökm (hikmət, hakimiyyət və hökm çıxarmaq) və (şəriət hökmləri və İbrahimin kitabının təlimlərinin) elm(ini) əta etdik və ona çirkin işlər görən cəmiyyət(in için)dən nicat verdik. Çünki onlar çirkin əməl sahibi və pozğun bir tayfa idilər. Və onu Öz mərhəmətimizə daxil etdik. Çünki o, ləyaqətlilərdən idi» («Ənbiya» surəsi, ayə 74-75).

Onun Həzrət İbrahimlə (ə) qohumluğu barəsində müxtəlif fikirlər mövcuddur. Bəziləri onun İbrahimin (ə) qardaşı oğlu, bəziləri isə Həzrət Saranın qardaşı olduğunu deyirlər. Başqa bir nəzərə görə isə həzrət İbrahim (ə) onun dayısı idi. Bu peyğəmbərin adı Qurani-Kərimdə 27 dəfə «Ənam», «Əraf», «Hud», «Həcc», «Şuəra», «Nəml», «Hicr», «Sad», «Ənkəbut», «Qaf», «Ənbiya», «Təhrim», «Qəmər» və «Saffat» surələrində gəlmişdir.

Həzrət Lut (ə) İordaniya bölgəsində yerləşən Sədum şəhərində yaşamışdır. Qurani-Kərimdə bu şəhər və onun ətrafı, həmçinin, «Mutəfikat» adlandırılan üç-dörd başqa şəhər əxlaqi düşkünlük və azğınlığa qərq olmuşdular.

«Usuli-Kafi» kitabında İmam Baqirdən (ə) nəql olunmuşdur ki, əvvəllər həmin qövm yer üzündə Allahın yaratdığı ən yaxşı xalqlardan biri olmuşdur. Elə bu səbəbdən də şeytan onları azdırmağı qarşısına məqsəd qoyaraq nəhayətdə buna nail oldu. Belə ki, bu qövm onlardan öncə heç kəsin etmədiyi bir günaha, yəni ləvata (homoseksualizm, həmcinsbazlıq) mürtəkib oldular. Bu pis əməl onların arasında yayılaraq elə bir həddə çatmışdı ki, hətta məclislərdə və ictimai yerlərdə belə açıq-aşkar şəkildə onu icra etməkdən çəkinmir və o yerdən ötüb keçən şəxslərə də aman verməyib onlara təcavüz edirdilər. Belə bir zamanda Allah-Taala Lut peyğəmbərə (ə) vəhy göndərərək onlara ibadət və hidayətin yolunu göstərməsini, həmçinin fəsad və əxlaqsızlıqdan uzaqlaşdırmasını əmr etdi:

«Və Lutu (göndərdik), o zaman öz qövmünə dedi: «Həqiqətən, siz özünüzdən əvvəl aləmlərdəkilərdən heç birinin etmədiyi olduqca iyrənc bir işi görürsünüz!» («Ənkəbut» surəsi, ayə 28)

Onların içərisində heç bir qohumu olmayan Lut (ə) öz risalətini (peyğəmbərliyini) aşkar edərək onları İlahi təqvaya dəvət etdi və bu işdən çəkinmələri üçün qorxutdu. Amma onlar inadkarlıq göstərdilər. Lut (ə) öz nəsihət və sözlərini dəfələrlə təkrar edib deyirdi ki, niyə bu günahdan çəkinmirsiniz? Mən sizin üçün xeyirxah və əmin bir peyğəmbərəm və sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım Allahın yanındadır. Niyə siz həyat yoldaşlarınızı tərk edirsiniz? Sizin bu işiniz yaradılış qanununa təcavüzdür. Allahdan qorxun ki, əks alda həlak olarsınız. «Şuəra» surəsini 160-166-cı ayələrində oxuyuruq:

«Lutun qövmü də Allahın peyğəmbərlərini təkzib etdi.O zaman ki, (qəbilə) qardaşları Lut onlara dedi: «(Bu şirk və küfrünüzdən) çəkinmirsinizmi?!Həqiqətən, mən sizin üçün etibar ediləsi bir peyğəmbərəm. Odur ki, Allahdan qorxun və mənə itaət edin.Mən bunun (risalətin) müqabilində sizdən heç bir muzd istəmirəm, mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir. Siz budünyadakı insanlardan (yalnız) erkəklərləmi yaxınlıq edirsiniz?!Və Rəbbinizin sizin üçün yaratdığı zövcələrinizi tərk edirsiniz?! (Günahınız kiçik deyil). Siz (xilqət və fitrət yolundan, şəriət çərçivəsindən) həddi aşan tayfasınız».

Amma onlar öz rəzil əməllərini və azğınlıqlarını davam etdirdilər və Lutu (ə) təhdid etdilər ki, əgər dediklərindən əl çəkməsə onu bu şəhərdən çıxardacaqlar vətənə ilə dedilər ki,əgər düz deyirsənsə, Allahın əzabını bizə gətir.

«(Onlar) dedilər: «Ey Lut, əgər (bu sözlərindən) əl çəkməsən, mütləq sürgün olunanlardan olacaqsan!» («Şuəra» surəsi, ayə 167)

«Onun qövmünün cavabı yalnız bu oldu ki, (bir-birlərinə) dedilər: «Bunları öz şəhərinizdən və cəmiyyətinizdən çıxarın və (həmçinin Lut və onun tərəfdarlarına məsxərə edərək dedilər:) bunlar paklıq axtaran insanlardır!» («Əraf» surəsi, ayə 82)

«Beləliklə, onun qövmünün cavabı yalnız bu oldu: «Əgər düz danışanlardansansa, bizə Allahın əzabını gətir!» («Ənkəbut» surəsi, ayə 28)

Həzrəti Lut (ə) camaatı belə gordükdə Allahdan ona kömək etməsini və onlar üçün dərdli əzab göndərməsini istədi.

«(Lut) dedi: «Şübhəsiz, mən sizin bu əməlinizlə düşmən olanlardanam. Ey Rəbbim, mənə və ailəmə bunların gördüyündən (əməlin cəzasından) nicat ver».

«(Lut) dedi: «Ey Rəbbim, bu fitnə-fəsad törədən qövmə qarşı mənə kömək et» («Ənkəbut» surəsi, ayə 30).

 Allah onun duasını qəbul etdi. Özünün bir neçə böyük mələyini onları əzabla məhv etmək üçün təyin etdi. Bu mələklər gözəl oğlanlar şəklində Lutun (ə) evinə gəldilər.

«Bizim göndərdiklərimiz (elçilərimiz) Lutun yanına gələndə, onlara (qövmünün onların dalınca gələ biləcəklərinə) görə halı pisləşdi və taqəti azaldı. Dedilər: «Qorxma və qəmgin olma, Biz sənin və ailənin xilaskarıyıq. Yalnız zövcəndən savayı. O (əzab içində) qalanlardandır. Biz etdikləri pozğunluğa görə bu şəhərin əhalisinə göydən bir əzab endirəcəyik» («Ənkəbut» surəsi, ayə 33-34).

Camaat bu məsələdən xəbər tutan kimi bir-birini xəbərdar edib tez Lutun (ə) evinə gəldilər. Həzrət Lut onlara dedi ki, bunlar mənim qonaqlarımdır, onların yanında məni utandırmayın. Onlara moizə etdi və hətta dedi ki, gəlin mənim qızlarımla evlənin. Amma onlar peygəmbəri naümid etdilər. Bu vaxt mələklər Luta (ə) dedilər: «Biz Allah tərəfindən göndərilmişik. Sən narahat olma bu qövmün sənə əli çatmayacaq».

Bu vaxt bir işarə ilə o qövmün gözlərinin nurunu götürdülər. Onlar kor olub bir-birilərini əzə-əzə ayrıldılar. Sonra mələklər Luta (ə) ailəsi ilə gecənin yarısı bu şəhərdən çıxmasını, amma həyat yoldaşını bu qövmlə əlbir olduğu üçün aparmamasını və onu bu işdən agah etməməsini tapşıraraq qeyd etdilər ki, səhər vaxtı onların hamısı Allahın əzabına düçar olacaqlar.

Elə ki, Lut (ə) öz ailəsi  ilə oradan uzaqlaşdı, Allahın fərmanı göndərildi. Günəş çıxan vaxt fəryad ucaldı. Allah-Taala gilllə qarışmış çınqıl əlaməti olan yağışı onlara göndırdi. Şəhərlərini alt-üst etdi. Hər şey yerlə-yeksan oldu və heç bir abad yer qalmadı.

«Beləliklə, elə ki, Bizim əmrimiz (mələklərə) yetişdi və istəyimiz qətiləşdi, həmin şəhərləri alt-üst etdik və onların üzərinə bişmiş və möhkəm gildən ibarət daş parçalarından dolu yağdırdıq. Sənin Rəbbinin yanında (Onun sirli yaradılış aləmində) nişanlanmış, rəngbərəng və üzərinə adlar yazılmış daşlar! Bu (növ əzab) bu zalımlardan uzaq deyil» («Hud» surəsi, ayə 82-83).

«Beləliklə, onların şəhərlərini alt-üst etdik və onlara gil daşlardan yağış yağdırdıq. Şübhəsiz, bunda (bu hadisədə) ağıl və şüur sahibləri üçün (Allahın qüdrət və qəzəbi, bəndənin azğınlığının sonu barəsində) nişanələr vardır» («Hicr» surəsi, ayə 74).

«Və onların başlarına (kiçik daşlardan ibarət) yağış yağdırdıq. Buna görə də günahkarların aqibətinin necə olduğuna nəzər sal!» («Əraf» surəsi, ayə 84)

 Sədum şəhəri biyabana çevrildi. Allahpərəst və müsəlman Lutun (ə) evindən başqa hər yer viran oldu. Dörd min nəfərdən bir əsər-əlamət qalmadı. Bu gün də Ölü dənizin sahillərindən tapılan Sədum şəhərinin xarabalıqları günahda israr edən bir qövmün pis aqibətini xatırlatmaqla yanaşı ağıl sahibləri üçün bir ibrət əsəridir.

«Həqiqətən, Biz düşünən bir tayfa üçün o şəhərdən aydın bir nişanə (yağmış daşlar, qurumuş bulaqlar və sahibsiz torpaqlar) qoyduq» («Ənkəbut» surəsi, ayə 35).

«Və əlbəttə, o (viran edilmiş həmin şəhərlər) yol üzərində hələ də qalmaqdadır (və ibrət götürmək üçün bir amildir). Və həqiqətən, bunda (bu hadisədə) iman əhli üçün (Haqqın qüdrəti və batilin cəzası barəsində) bir nişanə vardır» («Hicr» surəsi, ayə 76-77).

İslamşünas, Zeynəb Musaibova

İstifadə olunan mənbə: www.tahoor.com;«Mənşure cavid», Cəfər Sübhani 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir 


 5302, 

Dostların veb səhifələri

14265795
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4199
3903
24769
14090902
157608
173495
14265795

sizin IP ünvanınız: 3.231.146.172
2024-03-28 13:37

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!