Qari lar

Ustad Muhəmməd Siddiq Minşəvi (1920-1969)Misirin Minşah şəhərində dindar bir ailədə dünyaya göz açmışdı. Atası Şeyx Siddiq Minşəvi Quran tilavətinə görə heç vaxt əcr və mükafat tələb etməyən zahid məslək qarilərdən biri idi. Muhəmməd də bu əxlaq ilə yetişib Quran tilavətini yalnız bu müqəddəs kitabla bağlı olduğu üçün seçdi. O, atasının təlim və təşviqi ilə Quran maarifini və müxtəlif qiraətləri öyrənməyə başladı. Minşəvi elə həmin başlanğıcdan Quranı kamil surətdə hifz etməyə başladı. 9 yaşından etibarən Misir Ərəb radiosundan mübarək Ramazan ayında tilavətlərinin yayınlanması ilə şöhrət tapdı. Belə ki, Misirin məşhur qarilərindən biri kimi tanındı.
Tilavət tərzi, gözəl səs, mülayim və həzin avaz, düzgün tələffüz və qüvvətli bəyan mərhum Minşəvinin qiraətinin xüsusiyyətlərindəndir. O, İslam dünyasının böyük iftixarlarından və müxtəlif Quran avazlarının yaradıcılarından hesab olunur. Qeyd olunmalıdır ki, Muhəmməd Siddiq Minşəviyə "Şəhidul-qurra" ləqəbi verilib. O, xüsusi bir məharətlə bütün Quranı tərtil ilə tilavət etmişdir. Hal-hazırda da Quranı sevənlərin mütəmadi olaraq müraciət etdiyi ən yaxşı tərtil nümunələrindən biri hesab olunur.

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.
2009 / 01 (005)