Quran Elmləri

Səbəbi-nüzul və şəni-nüzul

 
(3 votes)

Səbəbi-nüzul və şəni-nüzul

 

Quran elmlərində sözü gedən əsas mövzulardan biri də “Səbəbi nüzul” və “Şəni nüzul” bəhsidir. Qurani-Kərim elmlərinin bu mövzusunda müqəddəs Quranın əsasən, surə və ayələrinin nazil olma səbəbləri və onların aid olduqları hadisələrdən danışılır.

Quran alimləri “Səbəbi-nüzul” ilə “Şəni-nüzul” sözlərini bir mənada qəbul edərək onları hər hansı bir Quran surəsi və ya ayəsinin nazil olma səbəbi kimi mənalandırsalar da bəzi tədqiqatçı alimlər onların bir-biri ilə fərqli olduğunu açıqlamışlar. Necə ki, Əllamə Mərifət bu barədə belə yazır:

“Şəni-nüzul” hər hansı bir şəxs, hadisə və ya vacib şəriət hökmü barədə nazil olan (surə və ya) ayələrə deyilir. “Səbəbi-nüzul” isə hər hansı bir hadisənin ardınca nazil olan ayə və ya ayələrə deyilir. Belə ki, həmin hadisə uyğun ayələrin nazil olması üçün səbəb sayılır”. (Ət-Təmhid fi ulumil-Quran, Əllamə Mərifət, 1/254)

Buna görə də Besətdən öncə Kəbəni dağıtmaq məqsədi ilə Məkkə şəhərinə hücum çəkmiş Fil qoşunu barədə söz açan hadisəni “Fil” surəsinin “Səbəbi-nüzul”u yox, əslində onun “Şəni-nüzul” kimi qələmə vermək olar. Çünki, “Fil” surəsi heç də bu hadisənin ardınca nazil olmamışdır. Lakin, Əmirəl-mominin imam Əlinin (ə) ruku halında yoxsula sədəqə verməsi hadisəsini “Vilayət” adı ilə tanınan “Maidə” surəsinin 55-ci ayəsi üçün “Səbəbi-nüzul” (nazil olma səbəbi) adlandırmaq olar. Çünki uyğun ayə bu hadisədən dərhal sonra nazil olmuşdur.

Bunu da qeyd etmək lazımdır ki, bir surə və ya ayə bir neçə səbəb əsasında nazil ola bilər. Qurani-Kərim ayələrinin nazil olma səbəbini açıqlayan əsas mənbə hədis və rəvayətlər olduğundan bu barədə hədis və rəvayətlərin araşdırılmasına ehtiyac duyulur. Çünki təfsir, tarix və hədis mənbələrində mövcud olan hədis və rəvayətlərin hamısı mötəbər sayılmır. Onların içində müəyyən səhih və mötəbər hədislərdən əlavə, bəzi zəif və qeyri-mötəbər, həmçinin, bir çox saxta və uydurma rəvayətlər də mövcuddur.

Həmçinin, Quranın bəzi ayələri haqqında elə rəvayətlər də vardır ki, həmin rəvayətlər ayənin nazil olma səbəbindən danışsa da əslində ayənin müəyyən nümunələrini açıqlamaq və müəyyən nümunələri ayəyə tətbiq etmək məqamındadır. Odur ki, bu kimi rəvayətlər barədə ətraflı və lazım olan araşdırmanı aparmayanlar ayələrin nazil olma səbəbi barədə səhvə düşmüş və bəzi hallarda ayənin batini mənası və ya müəyyən nümunələrini onun nazil olma səbəbi kimi təqdim etmişlər.

Bu mövzu tədrici nüzulla bir-birinə yaxındır. Belə ki, mühüm bir məsələyə görə tədricən nazil olan ayə tam bir mövzu səbəbindən idi və buna “səbəb-nüzul” və ya “şəni-nüzul” deyilir.

Quran ayələri ümumiliklə 2 hissəyə bölünüb:

1) Xüsusi bir səbəbi olmayan və yalnız insanların hidayəti xüsusunda nazil olan ayələr.

2) Xüsusi bir mətləbə dəlalət edən ayələr. Bu ayələr baş verən hadisələrlə bağlı, Peyğəmbərin (s) besəti müddətində olmuşdur. Həmin ayə və ya surə “şəni nüzul” adlanıb. Məsələn,

وَيَسْأَلُونَكَ عَنْ ذِي الْقَرْنَيْنِ قُلْ سَأَتْلُو عَلَيْكُمْ مِنْهُ ذِكْرًا

(Ya Rəsulum!) Səndən Zülqərneyn barəsində soruşarlar. De: “Onun barəsində sizə bir hekayət (bəzi xəbərlər) söyləyəcəyəm!” ("Kəhf" surəsi, ayə-83)

 

وَيَسْأَلُونَكَ عَنِ الرُّوحِ قُلِ الرُّوحُ مِنْ أَمْرِ رَبِّي وَمَا أُوتِيتُمْ مِنَ الْعِلْمِ إِلا قَلِيلا

(Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De: “Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir!” ("İsra" surəsi, ayə-85)

 

يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا

(Ya Peyğəmbər! Müşriklər) səndən o saatın nə vaxt gələcəyi (qiyamətin nə vaxt qopacağı) barəsində soruşarlar.  ("Naziat" surəsi, ayə-42)

 

Səbəbi-nüzulu tanımanın faydaları

1) Quranda bəyan olunan ayələrin nə üçün nazil olduğunu, hökmünü, fəlfəfəsini və səbəbini tanımaq faydalardan biridir.

2) Hər söz müxtəlif vaxtlarda və müxtəlif mənalarda bəyan edilir və sözün həqiqətini dərk etmək üçün əvvəlcə xarici cəhətlərini tanımaq lazımdır. O cür ki, ayədə məzəmmət, töhmət, sual, təəccüb, təkid və istehza deyilirsə, əql insanı vadar edir ki, onun səbəbini araşdırsın və bilsin nə zaman, hansı səbəb üzündən baş verib. Çünki ilahi kəlamı tam və düzgünlüklə, olduğu kimi dərk etmək insan üçün zəruridir.

3) Bəzən bir ayədə və ya bir hökmdə məhdudiyyət güman olunur. Və bu məhdudiyyətin səbəbi həmin səbəbi nüzulun köməkliyi ilə aydın olur. (Doktor Ramiyari-Tarixi Quran, s. 262)

4) Əsasən Quran ayələrinin təfsiri nazil olma səbəbinin dastanları ilə xəbərdarlıq edir. Bu faydalar ixtisarla qeyd olunub və nəticədə digər bir faydaya da toxunaq. Şəni nüzul ayələrindən bir nümunə olaraq mənalara diqqət edək: 

 

وَلِلَّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ فَأَيْنَمَا تُوَلُّوا فَثَمَّ وَجْهُ اللَّهِ إِنَّ اللَّهَ وَاسِعٌ عَلِيمٌ

“Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!”("Bəqərə" surəsi, ayə-115)

Ayənin zahirindən belə məna ələ gəlir ki, harada olsanız fərq etməz, namaz vaxtı üzü qibləyə durun, istər səfərdə olun və istərsə də öz yurdunuzda, vacib deyil, hər hansı bir tərəfə üzü çevirsəniz doğrudur. Amma bu cəmiyyətdə ixtilafın yaranmasına səbəb oldu və ayənin “şəni nüzulundan” başa düşüldü ki, bu hökm səfərin nafiləsi ilə bağlı idi.

 

Ləfzin ümumiliyi və səbəbin xüsusiyyətləri

Baxmayaraq ki, bu bəhs üsuli bir bəhsdir və gərək öz məqamında müzakirə olunsun, amma təfsirçilər üsul elminin alimlərinə təqlid edərək, o rəvayətlər ki, xüsusən şəni nüzul barəsində nazil olan ayələrdən bəhs edir, onların çox mühüm və Quranın nəssi (mətni) olduğunu deyiblər. Quranın mətni ümumi bir mənanı əhatə edir. Əgər ayənin ümumi bir mənası olsa və xüsusi bir səbəb kimi nazil olsa, təkcə hər hansı bir şəxslə bağlı və yaxud da məhdud bir səbəbə şamil olmur. Həmin ayə həm səbəbinə və həm də ondan qeyrilərinə də aiddir.

Siyuti deyir: Ləfzin ümumiliyi mötəbərdir. Çünki hər bir ayə xüsusi bir səbəb üzündən nazil olub, amma o ayənin mənasının ümumiliyində nəzər birliyi mövcuddur. Məsələn, Sələmə ibni Səxr barəsində nazil olan “Zihar” ayəsi və Hilal bin Üməyyənin barəsində nazil olan “Lian” ayəsi.

“Lian (Nur-6)” və “Zihar (Mucadilə surəsinin ilk ayələri)” ayələri xüsusi bir səbəbə görə nazil olasalar da, ümumi bir qanuna aiddirlər. Beləliklə, Quran mətninin nazil olmasına səbəb olan hadisə deyil, onun ümumiliyi əsas götürülməlidir.Hədislərdə də bu mənanı təsdiqləyir ki, əgər Quran xüsusi bir xalq üçün nazil olasydı və o xalq da ölüb getsəydi, bu zaman Quran da onlarla birlikdə aradan gedərdi.

Əsasən də əgər ayənin mənasını onun məxsus nazil olma hadisəsi kimi bilsək, Quranda işlənən bir çox ayələrin qüvvədən düşmə ehtimalı olardı . Quran elə bir kitabdır ki, keçmişdə baş verənləri hər zamana və həmçinin gələcəyə də bağlayır. Hər hansı bir nazil olan ilahi hökm həmin ayədə xas səbəbə görə nazil olsa da hamıya aiddir. Quranda bir soz müəyyən şəxslərin barəsində hansısa səbəbə görə nazil olsa da, həmin xüsusiyyətlərə, simalara oxşar diğər şəxslərə də şamil olur. Rəvayətlərdə bu bəhs “جَری” adı ilə tanınır.İmam Baqir (ə) buyurur: “Əgər hansısa bir qövm barədə nazil olan bir ayə həmin qövm aradan getdikdə aradan getsəydi, Qurandan heç nə qalmazdı. Lakin Quran bütünlükdə göylər və yer durduqca əbədi qalacaqdır”

Quranın diğər ayələrinin bəyan tərzindən də “ləfzin ümumiliyi”nin əsas olduğu məlumdur. Ayənin nüzul səbəbini ümumi olan ilahi hökmün bəyanı üçün sadəcə bir bəhanə hesab etmək olar. Məsələn; Bəqərə surəsinin 215-ci ayəsinə diqqət edin:

“ (Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: (Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir”.

Şərif ayədə Allah yolunda nə xərcləmək, nə vermək barədə soruşulur, lakin cavabda Allah yolunda verilən şeylərin hansı yerlərə xərcləniləcəyini Quran ümumi bəyan edir. Bəhsin sonunda bunu da nəzərinizə çatdıraq ki, müfəssirlərin və “Şəni-nüzul”ları yazan alimlərin qeyd etdiklərinə görə, bəzən bir ayənin bir neçə nüzul səbəbi olub, bəzən isə bir səbəbə görə bir neçə ayə nazil olub.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 6085, 

Dostların veb səhifələri

14266402
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4806
3903
25376
14090902
158215
173495
14266402

sizin IP ünvanınız: 54.165.122.173
2024-03-28 14:42

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!