Print this page

Quran Elmləri

Məkki və Mədəni surə və ayələrinin meyarı

 
(0 votes)

                                                                                        Məkki və Mədəni surə və ayələrinin meyarı  

Tərtibi-nüzulla bağlı rəvayətlərə əsasən Qurani-Kərimdə 86 surə “Məkki”, 28 surə isə “Mədəni” surələrdən hesab olunur. “Ulum-Quran” alimləri surə və ayələrin “Məkki” və “Mədəni” olmasını təyin etmək üçün üç əsas meyar qeyd etmişdirlər.

1- Zaman meyarıBir çox müfəssirlərin surələrin “Məkki” və “Mədəni” olması ilə bağlı nəzər birliyi əsasən Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti ilə əsas götürülmüşdür. İstər Mədinədə nazil olsun, istərsə də səfər zamanı, hicrətdən əvvəl nazil olan surələr “Məkki” və hicrətdən sonra nazil olan surələr isə “Mədəni” surələrdən sayılır. Hətta, Məkkədə həcc və ümrə səfərində və ya Məkkənin fəthindən sonra nazil olan hər bir surə zamana görə hicrətdən sonra olduğundan “Mədəni” surələrdən hesab olunur. Həmçinin, hicrətdə əsas meyar Mədinəyə daxil olmaqla götürülür. Buna əsasən o ayələr ki, Məkkədən çıxdıqdan sonra və Mədinəyə daxil olmamışdan əvvəl Məkkə-Mədinə yolu arasında Peyğəmbərə (s) nazil olub, həmin ayələr “Məkki” ayələrindən sayılır. Məsələn, Qurani-Kərimdə buyurulur:  

إِنَّ الَّذِي فَرَضَ عَلَيْكَ الْقُرْآنَ لَرَادُّكَ إِلَى مَعَادٍ قُلْ رَبِّي أَعْلَمُ مَنْ جَاءَ بِالْهُدَى وَمَنْ هُوَ فِي ضَلَالٍ مُبِينٍ Qasas-85

(Ya Rəsulum!) Qur’anı (oxumağı və təbliğ etməyi, yaxud hökmlərinə əməl etməyi) sənə vacib buyuran (Allah) qayıdacağın yerə (hicrət edərək çıxdığın Məkkəyə) səni yenə də qaytaracaqdır. De: "Rəbbim hidayətlə (doğru yolu göstərən rəhbərlə) gələni də (yaxud doğru yolda olanı da), haqq yoldan açıq-aşkar azanı da (hamıdan) yaxşı tanıyır!"

Bu ayə Peyğəmbərə (s) Məkkədən çıxdıqdan sonra Mədinə yolunda nazil olmuşdur və bu ayə “Məkki”dir.

2- Məkan meyarı İstər hicrətdən əvvəl və ya sonra olsun, Məkkə şəhərində və onun ətrafında nazil olan hər bir ayə və surə “Məkki”, Mədinə şəhərində və onun yaxınlığında nazil olan hər bir ayə və surə “Mədəni”dir. Lakin, bu iki şəhərdən başqa ayrı məntəqədə nazil olan ayə və surə isə nə “Məkki” və nə də “Mədəni” hesab olunur. Bu zəmində Cəlaləddin Siyuti Peyğəmbərdən (s) bir rəvayət söyləmişdir ki, həzrət buyurur: “اُنزِلَ فِی ثَلَاثَةِ أمکَنة: مَکَّة وَ المَدِینَة وَ الشَام”

İbni Kəsir də bu rəvayəti söyləyərək qeyd etmişdir ki, burada Şam şəhərinin adını çəkməkdə məqsəd Təbuk olub.

3- Xitab meyarı Müşriklərə xitab olunan hər bir surə və ayə “Məkki”, möminlərə xitab olunan hər bir surə və ayə isə “Mədəni”dir.

                                                              Məkki və Mədəni surələri ilə bağlı ulumquran alimlərinin nəzərləri

Bu barədə Abdullah ibni Məsuddan bir rəvayət nəql olunub: “يَا أَيُّهَا النَّاسُ” xitabının işləndiyi hər bir surə “Məkki”, “يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ” xitabının işləndiyi surə isə “Mədəni”dir. Çünki, Mədinədə zəfər möminlərlə idi, Məkkədə isə müşriklərlə. Əlbətdə, Mədinə surələrərindən olan “Bəqərə” surəsində “يَا أَيُّهَا النَّاسُ” ayəsinin işlənməsi ümumi bir meyar kimi qeyd olunmuşdur.

“Məkki” və “Mədəni” surələrini müəyyən etmək üçün bir neçə qaydalar təyin etmişlər və bu qaydaların hər biri təklikdə məsələyə tam aydınlıq gətirə bilməz. Habelə, onlar bir-biri ilə əlaqəlidir və buna görə də mətləbi incələməkdən ötrü hər birini aryı-ayrılıqda bilmək zəruridir. “Məkki” surələrini “Mədəni” surələrindən ayırd etməyin ümumi qanunlarından əsasən üç qanun meyar götürülür: 1) Nəs və xəbər, 2) Zahiri əlaməti, 3) Məna və möhtəvası.

Əllamə Burhanuddin İbrahim ibni Ömər ibni İbrahim Cəbəri (732) deyir: “ “Məkki” və “Mədəni” surələrini tanımaq üçün iki yol var:

1- Səmai – Nəql və rəvayət yolu ilə ələ gətirmək mümkündür.

2- Qiyasi – Qaydalar əsasında onları tanımaq və bir-birindən ayırmaq mümkündür”.

Əlqəmə ibni Qeys (62) Abdullah ibni Məsuddan rəvayət edir: “Quranda hər bir surədə “يَا أَيُّهَا النَّاسُ” ifadəsinin işləndiyi ayə “Məkki”dir. Həmçinin, hər bir surədə “kəllə” kəlməsinin işləndiyi ayələr və ya ibtidada müqəddə hərflərinin olduğu surələr “Məkki”dir. Yalnız “Bəqərə” və “Ali-İmran” surələrindən başqa. Həmçinin, “Rəd” surəsini də “Mədəni” surələrindən hesab etmişlər. Bundan başqa “Məkki” surələrində Adəmlə İblisin əhvalatından, Qiyamət günü, axirət və İlahi əzabla qorxutmaq, çəkindirmək barəsində danışılır. Tohidə dəvətdə təkid, gözəl əxlaqa dəvət, təhəddi və mübarizə ayələrindən ibarət olan surələr də “Məkki”dir. Quranın mufəssəl surələri, peyğəmbərlərin və keçmiş ümmətlərin sərgüzəştləri haqqında həmin surələrdə xatırlanır. Bütün bu qeyd olunan xüsusiyyətlərə malik olan surələr “Məkki” surələridir. O ayələr ki, insanın şəri vəzifəsini, ilahi hökmün insanlara vacibliyini çatdırır, həmin ayələr “Mədəni”dir.” Çünki, “Məkki” surələrində əhkam mövzularından danışılmır.

                                                                         “Məkki” və “Mədəni” surələrini digər xüsusiyyətlərlə tanımağın yolu

1- Bir surənin daxilində yerləşən kiçik ayələr və qısa surələr növünə görə “Məkki” surələridir. Surənin tərkibində böyük bir ayənin yerləşməsi, yaxud ayələri uzun böyük surələrin növünə görə “Mədəni” surələrindən olması sabitdir.

2- Kəskin ahəng və şiddətli intonasiya ilə nazil olan ayələr Məkkə əhli üçündür. Çünki onlar haqqın qarşısında inadkarlıq edib müqavimət göstərirdilər. Lakin mülayim intonasiya və lətif ahənglə nazil olan ayələr “Mədəni” surələrinin əlamətidir. Çünki həmin ayələrdə ən çox iman gətirən şəxslərə xitab olunmuşdur.

3- Üsul elmi bəhslərində İslama və əsl imana dəvət ilə bağlı mətləblər “Məkki” surələri ilə izah olunur. İlahi qanunlar çərçivəsində şəriət hökmləri ilə bağlı məsələlər isə “Mədəni” surələri ilə şərh edilir.

4- Sağlam əqidə və əxlaqi dəyərlərə etiqad bəsləmək, həmçinin, müşriklərin batil əqidələri ilə mübarizə və onların fikirlərini əsassız saymaq “Məkki” surələrinin xüsusiyyətlərindəndir. Lakin əhli-kitab ilə mülayim davranış, onları əxlaqi dəyərlərə və düşüncələrə dəvət, həmçinin münafiqlərlə mübarizə aparmaq, onların sifət və xüsusiyyətlərini bəyan etmək “Mədəni” surələrinin xüsusiyyətlərindəndir.

5- Adətən “يَا أَيُّهَا النَّاسُ” ünvanında gələn xitablar “Məkki” surələrinin xüsusiyyətlərindəndir. “يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ” ünvanında gələn xitablar isə “Mədəni” surələrinin xüsusiyyətlərindəndir.

Əlbətdə, qeyd olunan bütün bu xüsusiyyətlər tam yəqinliklə deyilməyib, lakin, ümumi şəkildə etimad olunan məlumatlardır. Çünki, əgər elm və yəqinlik yolu ilə bir neçə məlumat əldə olunsa, həmçinin həmin xəbər Quranın mətni və möhtəvası ilə ziddiyyət daşımırsa etimadlı sayılır. Beləki, bu mövzunun araşdırılmasında fiqhi və tarixi mövzular daha çox nəzərə çarpır. Buna əsasən “Məkki” və “Mədəni” surələrinin meyarını tanımaq ya “Nəql” və “Xəbər” yolu ilə ya ictihad, ya da surələrin, ayələrin qısa və uzun olması ilə əldə olunmuşdur. Hədis terminologiyasında“Nəql” və “Xəbər” ə “Səmai” deyilir. Əqaid, əhkam, kafirlərə və münafiqlərə xitab və s. digər sadalanan xüsusiyyətlər surənin “Məkki” və “Mədəni” olmasını aydınlaşdırır.

Mövzunun müxtəsər izahı:

Məkki və Mədəni surə və ayələrinin meyarı əsaən üç növdür:

1- Zaman meyarı - Bu bölmədə əsasən Hicrətdən əvvəlki və sonrakı zamanda nazil olan ayələr nəzərdə tutulur. 

2- Məkan meyarı - Məkkə və Mədinədə və hər iki şəhərin ətrafında nazil olan ayə və surələr əsas götürülür.

3- Xitab meyarı - Müşriklərə və möminlərə xitab olunan ayələr.

                                                                                                      

“Məkki” surələrini “Mədəni” surələrindən ayırd etməyin ümumi qanunları:                                                            

1- Nəs və xəbər – Quranın mətni və mötəbər hədis 

2- Zahiri əlaməti – Ayələri və surələri zahirdən anlama

3- Məna və möhtəva – Ayələrin və surələrin mənasını dərk etmə                                                  

4- Səmai – Nəql və rəvayət yolu

5- Qiyasi – Qaydalar əsasında

6- İctihad yolu ilə – Alimlərin və ümmətin ən mötəbər şəxslərinin rəyi əsasında 

7- Surə və ayələrin uzun-qısa olması ilə – "Səbiut-tival" və "Müfəssəl" surələr

                                                                       “Məkki” surə və ayələrinin əlamət və xüsusiyyətləri

1- Ayədə “يَا أَيُّهَا النَّاسُ” xitabının işləndiyi hər bir surə “Məkki”dir

2- Surədə “kəllə” (“کَلَّ” Quranda etiraz və təkidlə inkar bildirən kəlmədir ) inkar kəlməsinin işləndiyi ayələr

3- İbtidada müqəddə hərflərinin olduğu surələr “Məkki”dir. Yalnız “Bəqərə” və “Ali-İmran” surələrindən başqa.

4- Ayələrində Adəmlə İblisin əhvalatından danışan surələr

5- Qiyamət günü, axirət və Cəhənnəm əzab ilə qorxudan və çəkindirən ayələr

6- Ayələrində Tovhidə dəvəti təkid edən surələr

7- Ayələrində gözəl əxlaqa çağırış surələri

8- Təhəddi və mübarizə ayələri

9- Quranın mufəssəl surələri

10- Ayələrində İlahi Peyğəmbərlərin və keçmiş ümmətlərin sərgüzəştləri haqqında danışılan surələr

11- Bir surənin daxilində yerləşən kiçik ayələr və qısa surələr növünə görə “Məkki” surələridir

12- Kəskin ahəng və şiddətli intonasiya ilə nazil olan ayələr Məkkə əhli üçündür

13- Üsul elmi bəhslərində İslama və əsl imana dəvət ilə bağlı mətləblər “Məkki” surələrindən əxz olunmuşdur

14- Sağlam əqidə və əxlaqi dəyərlərə etiqad bəsləməyi təkid edən ayələr

15- Müşriklərin batil əqidələri ilə mübarizə çağıraraq, onların fikirlərini əsassız sayan surələr

16- Ayələrində çoxlu and içilən surələr

17- İslam Peyğəmbərinin (s) risalətini təsdiqləyərək ərəb qəbilələrini mübarizəyə çağıran surələr

18- Ayələrində müşriklər barəsində çox danışılan surələr

19- Ayələrinin mənası xülasə olan surələr

20- Əhkam mövzularından danışılmayan surələr

                                                                                   “Mədəni” surə və ayələrinin əlamət və xüsusiyyətləri

1- “يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ” xitabının işləndiyi surə

2- “Səbiut-tival”, uzun surələr

3- Ayələri uzun olan surələr

4- Əhli-kitab ilə mülayim davranış, onları əxlaqi dəyərlərə və düşüncələrə dəvət

5- Münafiqlərlə mübarizə aparmaq barəsində danışılan, onların sifət və xüsusiyyətlərini bəyan edən ayələr

6- İlahi qanunlar çərçivəsində şəriət hökmləri ilə bağlı məsələlər

7- Ayələrində iman əhlindən çox danışılan surələr

8- Şəriət hökmləri barəsində izah verilən ayələr

9- İslam maarifindən söhbət edilən ayələr

10- Ayələrində “mühacir” (Peyğəmbərlə (s) birlikdə Məkkədən Mədinəyə hicrət edən müsəlmanlar) və “ənsar”dan (Məkkədən Mədinə şəhərinə hicrət etmiş müsəlmanlara öz evlərində sığınacaq vermiş Mədinə əhalisi) söhbət edilən surələr

“Əl-İtqan”, c.1, s/23

Əl- Burhan, c.1, s/189

Muhəmməd Hadi Mərifəti “Ulumul-Quran”

İbni Kəsir “Tarixul-Bidayə vən-nihayə”

İbni Cəzir “Ən-nəşr”, c.1, s-39

Hazırladı: İlahiyyatçı, İslamşünas, Ə. Sara

                                                                              Müəlliflik hüququ Bəqiyyətullah Dini Elmlər Mərkəzinə məxsusdur


 228,