Yazar Qələmlər

Təvəssül

 

Təvəssül

 

Hal-hazırda dünya müsəlmanları arasında çox aktual olan məsələlərdən biri də təvəssüldür. Təvəssül İslam dininin inanclarından biridir. Bunu çox asanlıqla Qurani-kərim, əhli beytdən (ə) gələn hədis, rəvayət və sağlam əqli dəlillərlə sübut etmək olar.

 

Quranda buyurulur: “And olsun sənin canına, həqiqətən, bunlar öz məstliklərində sərgərdandırlar” (“Hicr” surəsi, ayə 72) .

Bu ayədə Allah-təala öz peyğəmbərinin canına and içməklə insan əqlini dəhşətə gətirir. Qurani-Kərim buyurur: “Və həqiqətən, əgər bilsəniz, bu nə qədər əzəmətli bir anddır” (“Vaqiə” surəsi, ayə 76).

İbn Abbas belə buyurmuşdur: “Allah-təala Muhəmməd peyğəmbərdən əziz bir məxluq yaratmamışdır”.

Məlumdur ki, Allah-təala İslam peyğəmbərindən (s) başqa heç kəsin canına and içməyib. Qurani-kərim Peyğəmbərin (s) ali məqamına və qədr-qiymətinə işarə edən ayələrlə doludur. Peyğəmbərə (s) itaəti Allaha itaət qərar verərək buyurmuşdur: “Hər kim peyğəmbərə itaət etsə, həqiqətən, Allaha itaət etmişdir...” (“Nisa” surəsi, ayə 80)  Həmçinin, Allah-təala bəndələrinə olan məhəbbətini Peyğəmbərin (s) itaətinə bağlamışdır. Belə ki, Allah-təala Peyğəmbərə (s) əmr edərək buyurur: “De, əgər Allahı sevirsinizsə, mənə (peyğəmbərə) tabe olun ki, Allah sizləri sevsin...” (“Ali-İmran” surəsi, ayə 31)

İslam Peyğəmbərinin (s) qədr-qiymətinə işarə edən başqa bir ayədə buyurulmuşdur: “Allah-təala peyğəmbərlərə kitab və hikmət verərək əhd-peyman almış ki, Allah tərəfindən bir elçi gəlib onlarda olan şeyləri təsdiq edərsə, ona inansınlar və kömək etsinlər...” (“Ali-İmran” surəsi, ayə 81)

Həzrət Əli (ə) buyurmuşdur: “Allah-təala Adəmdən sonra gələn bütün peyğəmbərlərdən Muhəmməd peyğəmbər (s) üçün əhd almışdır ki, əgər hər hansı bir peyğəmbərin dövründə göndərilsə, ona iman gətirsin, kömək etsin və onunla əhd-peyman bağlasın”.

Mələklər içində özünəməxsus məqama malik olan Cəbrail mələyin Peyğəmbərə (s) “Merac” günü Məkkədən Beytul-Müqəddəsə qədər həmsöhbət olması şərəf və iftixar təzahürlərindəndir. Bu hadisə ümmətlər tarixində Peyğəmbərin (s) əzəmətinə dəlalət edən ən uca nişanələrdəndir.

Peyğəmbər (s) duasının qəbul olmasının həqiqi səbəbi, şübhəsiz, onun pak ruha, kəramətli nəfəsə və Allaha hədsiz dərəcədə olan yaxınlığıdır. Elə buna görə də duaya xüsusi təsir qüvvəsi bağışlayır və başqasının duası üçün köməkçi rolunu oynayır. 

 

Mömin qardaşın duası ilə təvəssül

 

Mömin qardaşın duası ilə təvəssül etmək duanın qəbul olması üçün Allahın qərar verdiyi səbəblərdən biridir. Bir çox Quran ayələri açıq-aşkar iman gətirən şəxslər üçün mələklərin və zaman cəhətdən sonra gələn möminlərin özlərindən əvvəlki mömin qardaşları üçün dua etməsinə dəlalət edir. Bu onu göstərir ki, mömin qardaşın öz dini qardaşı üçün etdiyi dua bəyənilən və qəbul olunan bir fenomendir. Elə isə Allaha üsyan etmiş günahkar bəndənin öz mömin qardaşının duasını vasitə qərar verməsi vacibdir. Qurani-kərim bu barədə belə buyurmuşdur: “Ərşi daşıyanlar (mələklər) və onun ətrafında olanlar öz Rəbblərini həmd edərək təsbih deyir, Ona iman gətirirlər və möminlər üçün bağışlanma istəyərək (deyirlər): “Ey bizim Rəbbimiz, Sənin rəhmətin və elmin hər şeyi əhatə edir. Tövbə edib yoluna  tabe olanları əfv et və onları Cəhənnəm əzabından qoru” (“Ğafir” surəsi ayə 7).

Başqa bir ayədə belə buyurur: “(Mühacir və ənsarlardan) sonra gələnlərdən belə deyirlər: “Ey bizim Rəbbimiz, bizi və imanda bizi qabaqlayan qardaşlarımızı bağışla və iman gətirənlərə qəlblərimizdə kin qərar vermə. Ey Rəbbimiz, həqiqətən, Sən mehriban və rəhimlisən” (“Həşr” surəsi, ayə 10).

Bu ayələrdən göründüyü kimi, ərşi daşıyan mələklər və sonra gələn möminlərin dua etməsi duanın qəbul olma səbəblərindəndir.

Bu mənaya dəlalət edən hədislər də vardır. Müslim və Tirmizi Abdullahdan,  o da Əmr ibn Asdan və o, isə Peyğəmbərdən (s) nəql edərək demişdir: “Əgər müəzzinin (azan verən) səsini eşitsəniz, onun dediyini siz də deyin, sonra mənə salavat göndərin. Çünki hər kim mənə salavat göndərsə, Allah-təala özü ona on dəfə salavat göndərər. Sonra Allahdan mənim üçün vəsilə istəyin. Həqiqətən, vəsilə Cənnətdə bir məqamdır. O, Allahın yalnız bir bəndəsinə layiqdir. Hər kim mənim üçün vəsilə istəsə, şəfaət ona nazil olar” (Müslüm, “Səhih”, “Kitabəs-səlat”; Əl Tirmizi “Səhih”, “Kitabəl məaqib”).

Hədisin zahiri mənasından belə məlum olur ki, Peyğəmbər (s) öz ümmətinin duasını Allahın dərgahında vasitə qərar verir. Bəlkə bu duanın vasitəsilə Allah-təala ona Cənnətdə vəsiləni və ən gözəl məqamı verə. Əvəzində isə Peyğəmbərin (s) şəfaəti dua edən şəxsə nazil olar. Əgər Peyğəmbərin (s) bu əzəməti ilə öz ümmətinin duasını vasitə qərar verirsə, onda biz nə üçün mömin qardaşımızın duasını vasitə qərar verməyək?!

Əhli-beytdən (ə) gələn hədislərdə isə bu mətləb daha açıq-aşkar özünü büruzə verir. Həqiqəti aşkara çıxarmaqdan ötrü onlardan bəzilərini xatırlayaq. Çünki Əhli-beyt (ə) Peyğəmbərin (s) bizə əmanət qoyub getdiyi iki şeydən biridir.

Məhəmməd ibn Əclan  rəvayət edir ki, İmam Sadiq (ə) belə buyurdu: “Əli ibn Hüseyn (ə) Ramazan ayı daxil olanda heç bir qul və kənizi xətasına görə cəzalandırmazdı. Əgər onlardan hər hansı birisi günah işlətsəydi, onun günahını tarixi ilə bir yerə yazıb qeyd edərmiş. Ramazan ayının son gecəsi onların işlətdiyi günah dəftərini qapayıb onları çağırardı. Onlara günah dəftərini göstərib etdikləri günahı yadlarına salardı. Elə ki, bir-bir hamısı günahlarını etiraf edərdi, onların arasında dayanıb belə deyərdi: “Səslərinizi ucaldıb nida edin: “Ey Əli ibn Hüseyn (ə) sənin Rəbbin etdiyin əməllərin hamısını sən yazdığın kimi yazmışdır. Allahdan bağışlanma dilədiyin kimi bizləri də əfv et. Rəbbinin səni əfv etməyini istədiyin kimi bizləri də bağışla.

Beləcə davam edəndən sonra onlara deyərdi: “Belə dua edin: Ey Allahım, Əli ibn Hüseyni (ə) bizi əfv etdiyin kimi əfv et. Rəbbinin səni əfv etməyini istədiyin kimi bizləri də bağışla.

Beləcə davam edəndən sonra onlara deyərdi: “Belə dua edin: “Ey Allahım, Əli ibn Hüseyni (ə) bizi əfv etdiyi kimi əfv et. Onu bizi köləlikdən azad etdiyi kimi Cəhənnəm odundan azad et”.

İmam (ə) da onların bu nidasının cavabında belə deyərdi: “Amin, ey aləmlərin Rəbbi!” Üzünü onlara tutaraq: “Gedin, artıq sizləri əfv etdim. Sizləri Allah yolunda onun əfvini və məni azad etməyini ümid edərək, azad etdim” – deyərdi (Əllamə Məclisi, “Biharul Ənvar”, c.46).

Qeyd etmək lazımdır ki, Allah tərəfindən məsum qərar verilən insanların özləri haqqında bu cür ifadələri işlətməsi özlərini Allah dərgahında Onun haqqını əda etməklə sonsuz dərəcədə aciz olmalarından irəli gəlir. Əlbəttə, bu haqda geniş məlumat toplamaq üçün əqidə haqqında yazılmış kitablara müraciət etmək məsləhət görülür.   

Əhli-beyt imamların (ə) səhabələri onların dualarını vasitə qərar verərdilər. Budur onlardan biri Əli ibn Muhəmməd Həccal imam Hadiyə (ə) yazaraq belə xahiş edirdi: “Ayağımda bir xəstəliyə düçar olmuşam və vacib olan işləri yerinə yetirmək üçün ayağa qalxmaq iqtidarında deyiləm. Əgər məsləhət bilirsənsə, məni dua et ki, Allah-təala bu xəstəliyi qaldırsın və mənə vacib etdiyi əmanəti əda etmək üçün kömək olsun” (Əl İrbili, “Kəşf əl ğummə”).

 

Peyğəmbərin (s) bərzəx həyatındakı duası ilə təvəssül

Bundan əvvəlki söhbətlərimizdə Quranın günahkar bəndələrə Peyğəmbər (s) duası təvəssül etməsi dəvətini nəzərinizə çatdırdıq. Bəziləri bu ayəni Peyğəmbərin (s) cismani həyatına aid edərək belə iddia edirlər ki, Peyğəmbər (s) həyatını dəyişib bərzəx aləminə köçməsi ilə bizlərdən əlaqəsi kəsilib. Bu iddia yalnız Quran ayəsinin zahiri mənasına uyğun gəlir. Lakin bu nəzəriyyəni elmi dəlillərlə sübut etmək olar. Əgər Quran ayələri və yaxud da hədislərlə Peyğəmbərin (s) bərzəx aləminə köçəndən sonra biz insanlarla əlaqəsinin kəsilməməsini sübut etsək, onda həmin Quran ayəsini yalnız Peyğəmbərin (s) cismani həyatına aid etmək düzgün olmazdı, əksinə həm bu dünya, həm də bərzəx aləminə köçəndən sonra da bizimlə əlaqəsinin kəsilməməsi sübut olunacaq. Xüsusilə, bu dəlillər səhabələr və tabeinlər əməlləri tərəfindən öz dəstəyini tapmışdır. Ümumiyyətlə, bu mətləbi isbat etmək üçün Qurani-kərim və Peyğəmbər (s) sünnətini rəhbər tutaraq bir neçə əsas nöqtəyə toxunmaq lazımdır. Bu əsas nöqtələr aşağıdakılardır:

  1. Peyğəmbər (s) və övliyaların bərzəx aləminə köçəndən sonrakı həyatları;
  2. Bizimlə onlar arasındakı əlaqə. Belə ki, onlar bizim söhbətlərimizi eşidib, çağırış səslərimizi duyaraq qəbul edirlər;
  3. Onlar bərzəx aləminə köçəndən sonra səhabələrin onları Allah dərgahında vasitə qərar vermələri.

 

 

Peyğəmbər (s) və övliyaların bərzəx aləminə köçəndən sonrakı həyatları

Bu mətləb digərlərindən daha mühümdür. Bunu iki növdən olan dəlillərlə sübut etmək mümkündür: birinci növdən olan dəlillər onların həyatlarını və diri olmalarını birbaşa sübut etsə də, ikinci növdən olan dəlillər isə bu mətləbi dolayısı yolla sübut edir. Burada bu dəlilləri sizlərə təqdim edirik:

  1. Quran ayələri şəhidlərin diri olmalarını açıq-aşkar buyurur: “(Ey peyğəmbər) Allah yolunda qətlə yetirilmişləri ölü güman etmə, əksinə onlar diridirlər və öz Rəbblərinin yanında qidalanırlar. Allahın onlara öz fəzlindən verdikləri nemətlərə sevinir, özlərindən sonra hələ onların sıralarına birləşməyən (mücahidlərə) qorxu və hüzn olmayacağını müjdə verirlər. Allahın nemətlərini və mömin insanların mükafatlarının zay olmayacağını onlara müjdə verirlər” (“Ali-İmran” surəsi, ayə 169-171).

 

Bu ayə aşkarcasına şəhidlərin diri olmalarını sübut edir. Çünki qidalanmaq, sevinmək və müjdə vermək kimi  xüsusiyyətlər diri insanlara məxsusdur. Allah-təala bu mətləbə işarə etməklə onlara verdiyi qədr-qiyməti və kəraməti göstərir. Bununla da “şəhidin ölməsi ilə həyatının bitməsi” nəzəriyyəsini puç edir. Əgər şəhid öz canını verməklə Peyğəmbərin (s) gətirdiyi din yolunda şəhid olursa, görəsən bu şəhidlərin diri, lakin məxluqatın ən şərəflisi rəhbəri olan Peyğəmbərin (s) ölü olmasını təsəvvür etmək olarmı?! Bunu sağlam düşüncəyə malik insan heç bir vəchlə qəbul edə bilməz! Peyğəmbərin (s) ölü olmasını dilinə gətirən hər bir müsəlman qəlbi ilə bunu rədd edir!

  1. Quranın “Yasin” surəsində Həbib Nəccar barəsindəki əhvalatı yada salaq: Heç bir ali məqama malik olmayan bu insan yalnız Allah tərəfindən göndərilmiş elçiləri təsdiq etmişdi. Bunun nəticəsində öz qövmü tərəfindən siddətli işgəncələrə məruz qalaraq həyatını dəyişir. Öləndən sonra Allah-təala ona belə buyurur: “(Ona) Cənnətə daxil ol! – deyildi” (“Yasin” surəsi, ayə 26).

 

Cənnətə daxil olandan sonra qövmünün onun halından xəbərdar olmasını arzulayaraq belə deyir: “(O,) dedi: “Ey kaş, mənim qövmüm Allahın məni bağışladığını və əzizlədiyi bəndələrindən qərar verdiyini biləydi!” (“Yasin” surəsi, ayə 27)

Şübhəsiz ki, Həbibin daxil olduğu Cənnət Qiyamət günündən əvvəl olmuşdur. Çünki o, öz qövmünün onun halından xəbərdar olmasını arzulayır, bir halda ki, onlar dünya həyatındadırlar. Baxmayaraq ki, sonradan onlar Allah tərəfindən əzaba düçar olurlar. Quran bu səhnəni təsvir edərək belə buyurur: “Biz ondan (Həbibdən) sonra onlara səmadan bir ordu göndərmədik və belə də etməzdik. Bu bir səma fəryadından başqa bir şey deyildi və birdən onlar öz yerlərində tərpənməz olaraq durdular” (“Yasin” surəsi, ayə 28-29).

Əgər şəhidlər, saleh insanlar – Allah elçilərini təsdiq edən Həbib Nəccar kimi insanlar – diridirlərsə və öz Rəbblərinin yanında qidalanırlarsa, onda peyğəmbərlər və şəhidlərdən ön sırada olan siddiqlər necə?! Allah-təala belə buyurur: “Hər kim Allaha və peyğəmbərə itaət edərsə, onlar Allahın nemət verdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və saleh insanlarla birlikdədir. Onlar necə də gözəl dostlardır!” (“Nisa” surəsi, ayə 69)

Əgər şəhid diri olub qidalanırsa, onu tərbiyə edib bu məqama yetişməsinə səbəb olan Peyğəmbər (s) isə daha da artıq diri olmağa layiqdir!

  1.  Bir çox Quran ayələri və əqli dəlillər sübut edir ki, ölüm insanın fani olmağı demək deyildir, əksinə o, insanın bir aləmdən digər aləmə köçməsi deməkdir. Lakin materialist düşüncəni əsas tutan alimlər hesab edirlər ki, qeyri-maddi bir aləm mövcud deyil və ölüm də insan həyatının sonu deməkdir. Bununla da insanın yenidən həyata qayıdıb öz layiq olduğu mükafat və yaxud da cəzaya yetişəcəyini inkar edirlər. Onların nəzərinə görə insan tam yox olub aradan gedəndən sonra artıq onun ikinci dəfə dirilməsi üçün heç bir əsas qalmayacaqdır.

Allah-təala vəhy nazil edərək həmin bu nəzəriyyəni tənqid edib rədd etmişdir: “Onlar dedilər: “Torpaqda yox olub aradan gedəndən sonra yenidən diriləcəyikmi?...” Cavablarında isə belə buyurur: “De: (Ey peyğəmbər) sizlərə məmur olmuş mələk ruhlarınızı alır, sonra isə öz Rəbbinizə doğru döndəriləcəksiniz” (“Səcdə” surəsi,  ayə 10-11).

Ayədən belə nəticə çıxarmaq olar ki, ölüm torpaqda yox olub getmək demək deyil. Çünki insanın şəxsiyyəti onun maddi bədəni ilə deyil, əksinə insan şəxsiyyəti ölüm mələyinin aldığı ruhladır. Həmin bu ruhda Allah yanında toxunulmazdır. Belə ki, Qurani-kərimdə “ruhların alınması” “təvəffi” feli ilə olunmuşdur. Bu da “ruhların alınması” və ya “götürülməsi” deməkdir.

Qurani-kərim başqa bir ayədə “təvəffi” felinin mənasını açıqlayaraq belə buyurur: “Allah ölüm zamanı və yuxuda olmayan ruhları alır. Sonra isə ölmüş ruhları saxlayır və digərlərini (ölməmiş ruhları) isə müəyyən olunmuş vaxta qədər buraxır. Bu işdə təfəkkür edənlər üçün nişanələr var” (“Zumər” surəsi, ayə 42).

Ayədə göstərildiyi kimi, Allah-təala ruhları iki mərhələdə alır: ölüm zamanı və yuxuda. Dünya həyatına qayıtmaq hökmü verilməmiş ruhları isə müəyyən olunmuş vaxta qədər sərbəst buraxır. Bütün bunlar göstərir ki, ölüm insan həyatının sonu deyil, əksinə ruh cismi tərk edib başqa bir aləmə köçür.

  1. İmam Huseyn (ə) Aşura günü öz sadiq səhabələrinə ölümün həqiqətini açıqlayaraq belə müraciət edir: “Səbr edin, ey əhli kəramət övladları. Ölüm sizləri səfalət və çətinlikdən qurtarıb geniş bağlar və daimi nemətlərə aparan bir körpüdən başqa bir şey deyildir. Sizlərdən hansı biriniz zindandan qurtarıb qəsrə daxil olmağı xoşlamır?! Sizin düşmənləriniz isə qəsrdən çıxıb zindana və əzaba köçəcəklər. Atamın mənə Allah Peyğəmbərindən (s) söylədiyi hədisdə belə gəlmişdir ki, həqiqətən, dünya möminin zindanı və kafirin Cənnətidir. Ölüm möminləri Cənnətə, kafirləri isə Cəhənnəmə aparan körpüdür. Mən yalan danışmayıb və yalan danışmaqda da ittiham olunmamışam” (Mustafa Əl Musəvi, “Bəlağət əl Hüseyn”, səh.47).

 

Sizlərə təqdim etdiyimiz bu ayələrdə Peyğəmbər (s), siddiqlər və şəhidlərin bərzəxdə diri olmalarını sübut edən dəlillər kifayət qədərdir. Bu sadaladıqlarımızdan başqa bir qrup insanların da diri olmağına sübut və dəlillər  vardır. Lakin bunların hamısını burada gətirməyə ehtiyac olmadığı üçün bu miqdarla kifayətlənirik. Əhli sünnət alimləri də bu həqiqəti dəstəkləmişlər. Onlardan biri Əl Əşəri belə deyir: “Peyğəmbərlərin diri olması bizim inanclarımızdandır”.

 

Dünya həyatı ilə bərzəx arasındakı əlaqə

Peyğəmbər (s), siddiqlər və şəhidlərin, sadəcə olaraq bərzəxdə diri olmaları bizim mətləbimizə heç bir yardım edə bilməz. Bunun üçün onlarla əlaqənin, başqa sözlə desək, bizi eşidib cavab vermək iqtidarında olmalarını isbat etmək lazımdır. Burada mətləbimizlə birbaşa əlaqəsi olan Quran ayələrini tilavət etmək istərdik. Halbuki, psixologiya elmi bir çox təcrübələrdən sonra bu əlaqələrin mümkünlüyünü sübut etmişdir. Lakin biz bu elmi təcrübələri bir kənara qoyaraq yalnız Quran ayələri, Peyğəmbər (s) və Əhli-beytdən (ə) gələn hədislərlə dəlil gətirmək istəyirik:

  1. Saleh peyğəmbər (s) həlak olmuş qövmə müraciət edir:

Allah-təala Qurani-kərimdə Saleh peyğəmbərin (s) öz qövmünü təbliğ və onları tək olan Allahın ibadətinə dəvət etməsini və həmin qövmün Saleh peyğəmbərin (s) gətirdiyi möcüzəni necə həlak etdiklərini vəsf edir. Saleh peyğəmbər (s) Allahın qüdrəti ilə dağdan öz balası ilə birlikdə dəvə çıxardır. Lakin həmin qövm dəvənin ayaqlarını kəsərək onu həlak edirlər. Bununla da Allahın qəzəbi onlara nazil olur. Qurani-kərim buyurur:

“(Nəhayət) Yerin titrəyişi onları əhatə etdi və onlar öz evlərində ölü kimi tərpənməz oldular. (Saleh peyğəmbər) onlardan üz çevirib belə dedi: “Ey mənim qövmüm, mən artıq sizlərə öz Rəbbimin müraciətini çatdırdım və sizə nəsihət verdim,lakin siz nəsihət verənləri sevməzsiniz” (“Əraf” surəsi, ayə 78-79).

Göründüyü kimi, Allah-təala Saleh peyğəmbərin (s) qövmünün qəti şəkildə həlak olmasını bildirərək, xəbər verir ki, onlar əzaba düçar olandan sonra Peyğəmbər (s) onlardan üz çevirib onlara belə müraciət edir ki, artıq mən Rəbbimin müraciətini çatdırdım, lakin siz nəsihət edənləri sevməzsiniz.

Bu xitab Saleh peyğəmbərdən (ə) həmin qövm həlak olandan sonra baş verir. Saleh peyğəmbərin (ə) “Lakin siz nəsihət edənləri sevməzsiz” sözü aşkarcasına işarə edir ki, onlar hətta həlak olandan sonra da təkəbbür və lovğalıq üzündən onun bu sözünü qəbul etmirlər.

  1. Şüeyb peyğəmbərin (ə) həlak olmuş qövmünə müraciət etməsi:

Şüeyb peyğəmbərin (ə) də əhvalatı bu cəhətdən Saleh peyğəmbərin (ə) əhvalatına oxşardır. Şüeyb peyğəmbərin (s) qövmünə belə nazil olaraq onları həlak edir. Qurani-kərim bu mənzərəni təsvir edərək belə buyurur:

“Yerin titrəyişi onları əhatə etdi və onlar öz evlərində ölü kimi tərpənməz oldular. Şüeybi yalançı hesab edənlər (elə məhv oldular ki) elə bil heç orada yaşamırdılar. Şüeybi yalançı hesab edənlər ziyankarlardan oldular. Öz qövmündən üz çevirərək belə dedi: “Ey mənim qövmüm, mən artıq sizə Rəbbimin müraciətlərini çatdırdım və sizə nəsihət etdim (Bu öyüd-nəsihətdən sonra) kafir qövmə necə təəssüf edim?!” (“Əraf” surəsi, ayə 91-93).

Şüeyb (ə) də qövmünə onlar həlak olandan sonra müraciət edir. Əgər həlak olanlarla əlaqə saxlamaq mümkün olmasaydı, onda Saleh və Şüeyb peyğəmbər (ə) necə onlara xitab edirdilər?! Məgər mümkündürmü ki, bu xitab təəssüf üzündən baş versin?! Qətiyyən, yox! Bu növdən olan xitab, ayənin zahiri mənasına və Quranın təfsir üslubuna ziddir. Bundan əlavə ruhların xitab olunması əqli cəhətdən qeyri-mümkün hesab olunmur.

  1. Peyğəmbərin (s) özündən əvvəlki elçilərlə danışmağa əmr olunması:

Allah-təala Qurani-kərimdə Peyğəmbərə (s) belə buyurur:

“Səndən əvvəl göndərdiyimiz elçilərdən soruş. Məgər ibadət üçün Rəhman olan Allahdan başqa məbudlar qərar vermişikmi?” (“Zuxruf” surəsi, ayə 45)

Ayədən görünür ki, Allah-təala Peyğəmbəri (s) özündən əvvəlki peyğəmbərdən soruşmağı əmr edir. Allahın bu əmrini həmin dinlərin alimlərinə müraciət olunması kimi qəbul etmək düzgün olmazdı. Çünki bu cür təfsir və açıqlama ayənin zahirinə ziddir.

Ayədən görünür ki, Allah-təala Peyğəmbəri (s) özündən əvvəlki peyğəmbərdən soruşmağa əmr edir. Allahın bu əmrini həmin dinlərin alimlərinə müraciət olunması kimi qəbul etmək düzgün olmazdı. Çünki bu təfsir və açıqlama ayənin zahirinə ziddir.

 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5026, 

Dostların veb səhifələri

14270796
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
215
8985
29770
14090902
162609
173495
14270796

sizin IP ünvanınız: 3.238.62.124
2024-03-29 00:51

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!